Ömürlük həbs cəzası alan keçmiş polis apellyasiya şikayəti verib

Ömürlük həbs cəzası alan keçmiş polis apellyasiya şikayəti verib Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası martın 29-na təyin edilib
Hadisə
28 Mart , 2016 09:15
Ömürlük həbs cəzası alan keçmiş polis apellyasiya şikayəti verib

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycanda qətl və quldurluq cinayətləri törətməkdə təqsirləndirilən Şakir Orucov, Röyal Əhmədov, Rəşad Tağıyev və Rəhim Səttarov barələrində olan hökmdən apellyasiya şikayətləri veriblər.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası martın 29-na təyin edilib.

İşə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Şakir Orucov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsində işləyən zaman Röyal Əhmədovla cinayət əlaqəsinə girib. Onlar 2012-ci ildə Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 23, mənzil 9-da yaşayan Axundova Nəsibə Nüsrət qızının imkanlı adam olmasını biliblər və onu öldürərək evini qarət etmək qərarına gəliblər. Daha sonra həmin şəxslər qadının evinə basqın ediblər və evdən 60 min manat və xeyli miqdarda qızıl oğurlayıblar.

Ş.Orucov və R.Əhmədov imkanlı adam olduqlarını hesab etdikləri Tahirə Əhmədovanın evinə basqın ediblər və 6 min manat dəyərində qızıl oğurlayıblar. Lakin qadın evdə olmadığı üçün onu öldürə bilməyiblər.

Ş.Orucov və R.Əhmədov cinayətkar əməllərini davam etdirmək məqsədilə Bakı şəhərinə gəliblər. Paytaxda Rəşad Tağıyev və Rəhim Səttarovla cinayət əlaqəsinə girərək bir neçə quldurluq cinayəti törədiblər.

2015-ci ilin fevralında isə R.Tağıyev R.İsgəndərovla qabaqcadan əlbir olub, İran İslam Respublikasından narkotik maddə gətirən zaman sərhəd-keçid məntəqəsində tutulublar. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin bir neçə ağır maddələri ilə ittiham olunublar.

2016-cı ilin fevral ayının 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Orucov ömürlük, R.Əhmədov 20 il, R.Tağıyev və R.Səttarov isə 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Son xəbərlər

Orphus sistemi