​Ombudsman yanğın baş vermiş binada zərərçəkənlərə baş çəkib

​Ombudsman yanğın baş vermiş binada zərərçəkənlərə baş çəkib Xəsarət alanlara isə tezliklə şəfa tapmalarını arzulayıb
Hadisə
20 May , 2015 18:45
​Ombudsman yanğın baş vermiş binada zərərçəkənlərə baş çəkib

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova yanğından zərərçəkən şəxslərin yerləşdirildiyi xəstəxanalara gedərək, onlara baş çəkib. "Report" xəbər verir ki, bu barədə məlumatı Ombudsman Aparatının mətbuat xidməti yayıb.

Məlumatda qeyd olunub ki, Binəqədi rayonu, Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasında baş verən güclü yanğın zamanı ümumilikdə 15 nəfər dünyasın dəyişib, onlarla şəxs isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanalara yerləşdirilib.

Yaralıların əksəriyyəti həmin gün 1 saylı şəhər Klinik Tibb Mərkəzinin Toksikologiya şöbəsinə zəhərlənmə diaqnozu ilə qəbul edilib. Digər yaralılar isə Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 6 saylı Bakı şəhər xəstəxanasına və Respublika Yanıq mərkəzinə yerləşdirilib.

Ombudsman ilk öncə 1 saylı şəhər Klinik Tibb Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovla birlikdə müalicə alan 3-ü azyaşlı uşaq olmaqla 12 zərərçəkən şəxsə baş çəkib, onların vəziyyəti, sağlıq durumu, müalicənin gedişatı ilə maraqlanıb, problemlərini öyrənib.

Zərərçəkmiş Rəhilə Ələkbərova, Günay Məhərrəmova, Nərminə Həsənova, Şahnaz Yəhyayeva, Nigar Yəhyayeva Bilal Rəsulov, Elvira və Səbinə Manafovalar və digər xəstələr müalicənin normal aparıldığını, həkimlərin onlara qayğı ilə yanaşdığını, keyfiyyətli qida və zəruri dərman preparatları ilə təmin olunduqlarını bildiriblər.

Zərərçəkmişlər dəhşətli yanğınla bağlı ağır stress yaşadıqlarını söyləyib, Prezident İlham Əliyevin bu faciə ilə bağlı böyük narahatlıq keçirməsinə, onun hadisə yerinə baş çəkməsinə, yanğının nəticələrinin tezliklə aradan qaldırılması, xəsarət alanların müalicəsi, evsiz qalan ailələrin yerləşdirilməsi ilə bağlı konkret tapşırıqlar verməsinə, ölkənin birinci xanımı Mehriban Əliyevanın onlarla görüşməsinə, ehtiyacları və problemləri ilə maraqlanmasına görə razılıqlarını bildiriblər. Müvəkkil anaları ilə birlikdə müalicə alan azyaşlı uşaqlar - Rəsul Muradov, Leyla və Sevil Yəhyayevalarla da görüşüb. Ombudsman zərərçəkmişlərin səhhətini, vəziyyətini nəzarətdə saxlamağı toksikologiya şöbəsinin müdirinə tövsiyə edib. Şöbə müdirinin verdiyi məlumata görə, hazırda xəstələrin vəziyyəti stabildir, onlara yüksək səviyyədə tibbi yardım göstərilir. Xəstəxanalarda olan yaralıların həyatı üçün təhlükə yoxdur.

Ombudsman  tibb müəssisəsində xəstələrə verilən yeməklərin keyfiyyəti ilə tanış olub, qida rejiminə riayət olunduğunu, onlara keyfiyyətli və kalorili qida məhsulları, meyvə-tərəvəz verildiyini müşahidə edib.

E.Süleymanova 6 saylı Bakı şəhər xəstəxanasında da olub, burada müalicə alan zərərçəkmiş, 1996-cı il təvəllüdlü Ülvi Sadıqova baş çəkib. Azərbaycan Texniki Universitetinin tələbəsi olan bu gənc hazırda xəstəxananın reanimasiya şöbəsində müalicə olunur.

Xəstəxananın baş həkimi Nəriman Məmmədov xəstənin orta-ağır vəziyyətdə tibb müəssisəsinə gətirildiyini, hazırda vəziyyətinin kafi olduğunu bildirib.

Məlumatda o da qeyd olunub ki, yanan binada qeydiyyatda olan ailələrə kompensasiya ödənilmişdir. 40 ailə onlara verilən məbləğ hesabına kirayə evlərdə, yaxud qohumlarının evlərində yerləşdirilib. 7 ailə isə öz razılıqları ilə Görədildə yerləşən “Sərhədçi” pansionatında yerləşdirilib və bu proses davam etdirilir. Zərərçəkmiş ailələr ərzaq və zəruri geyimlə təmin olunacaq, əmlakla bağlı itkilər dəyərləndirilərək onlar əlavə kompensasiya ilə təmin ediləcək.

Onlar Müvəkkilə də göstərdiyi qayğı və diqqətə görə təşəkkür ediblər.

Ombudsman Elmira Süleymanova faciə nəticəsində dünyasını dəyişən insanlara Allahdan rəhmət, ailələrinə, yaxınlarına və doğmalarına səbr diləyib, xəsarət alanlara isə tezliklə şəfa tapmalarını arzulayıb.

Son xəbərlər

Orphus sistemi