Yuxarı

Ombudsman Aparatının nümayəndələri həbsdə yatan təşkilat rəhbərinə baş çəkib

Onun səhhətinin nəzarətdə saxlanılması tibb-sanitar hissəsinin baş həkiminə tövsiyə olunub

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 və 17 saylı Cəzaçəkmə Müəssisələrində başçəkmə həyata keçiriblər. Bu barədə “Report”a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Müvəkkilin ünvanına daxil olmuş müraciətin yerində araşdırılması məqsədilə Ombudsmanın nümayəndələri Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan İlqar Məmmədovu qəbul ediblər.

Qəbul zamanı İlqar Məmmədov bir neçə gün öskürək və yüksək hərarətdən əziyyət çəkdiyini, xəstəliyi ilə əlaqədar ƏN Tibb Baş İdarəsinin həkimləri tərəfindən müayinə olunduğunu, hazırda müəssisənin tibb-sanitar hissəsində stasionar müalicə aldığını, müalicədən sonra səhhətinin getdikcə yaxşılaşdığnı bildirib.

Onun səsləndirdiyi bəzi fikirlər müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb, həmçinin səhhətinin nəzarətdə saxlanılması tibb-sanitar hissəsinin baş həkiminə tövsiyə olunub.

Həmin gün Ombudsmanın nümayəndələri 17 saylı CÇM-də də olmuş, müəssisənin cərimə təcridxanasında saxlanılan şəxslərin saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.

Saxlanıldıqları kameralarda təklikdə qəbul edilmiş şəxslərlə konfidensial qaydada aparılan söhbət zamanı həmin şəxslər saxlanma şəraiti və rəftarla bağli şikayət etməyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi