Qəbələdə üç nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Tərlan Eyyubovun cinayət işi üzrə məhkəmə iclası başlayır.
"Report" xəbər verir ki, işə baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rafail Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası fevralın 10-na təyin edilib.
Qeyd edək ki, hadisə 2021-ci ilin mayında Ağdaş-Zarağan avtomobil yolunun, rayonun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Qəbələ rayon Bum kənd sakini T.Eyyubovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Göyçay rayon sakini Nəsib Yusifovun sükanı arxasında olduğu "VAZ-2107” markalı avtomobil toqquşub.
Nəticədə "VAZ-2107"də olan 1964-cü il təvəllüdlü Vilayət Yusifova hadisə yerində ölüb. Avtomobilin sürücüsü N.Yusifov və sərnişini, 2019-cu il təvəllüdlü Dəniz Ramil qızı Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, xəstəxanada keçiniblər. "VAZ-2017"də olan 36 yaşlı Mehriban Məmmədova, 24 yaşlı Xəyalə Bəkirova və 7 yaşlı İsmayıl Məmmədov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, qəzada ölən və yaralananlar bir ailənin üzvləri və yaxın qohumlardır.
Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində T.Eyyubov saxlanılıb.