Ölümə cəhd etməkdə və polisə xəsarət yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Ölümə cəhd etməkdə və polisə xəsarət yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib Məhkəmə hakim Samir Əliyevin icraatına verilib
Hadisə
28 Sentyabr , 2018 14:20
Ölümə cəhd etməkdə və polisə xəsarət yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakıda ölümə cəhd etməkdə və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmədə təqsirləndirilən Anar Mehtiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə hakim Samir Əliyevin icraatına verilib. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası oktyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, Bakı Şəhər Prokurorluğunun yaydığı məlumata əsasən, bu il mayın 20-də saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu ərazisində mübahisə zamanı Mehtiyev Anar Yusif oğlunun aralarında baş vermiş mübahisə zəminində Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 22-də A.Mehtiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bununla yanaşı, A.Mehtiyevin şübhəli şəxs qismində tutulduqdan sonra Nəsimi Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlama yerinə aparılarkən Nəsimi RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri Alıyev Elnur Nurəddin oğlunun üz nahiyəsinə yumruq zərbələri vuraraq ona həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməsi faktına görə Nəsimi rayon prokurorluğunda 23 may 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

F.Ağayevə yetirilmiş xəsarətin həyat üçün təhlükəli olması nəzərə alınmaqla Nəsimi RPİ-nin İŞ-də istintaqı aparılan cinayət işi Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib və həmin cinayət işi Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə istintaq edilən cinayət işinə birləşdirilib.

Son xəbərlər

Orphus sistemi