Yuxarı

Oğuzda üç gün əvvəl qəzaya düşmüş vəkil dünyasını dəyişib

Oğuzda üç gün əvvəl qəzaya düşmüş vəkil dünyasını dəyişib
O, xəstəxanaya qapalı kəllə-beyin travması diaqnozu ilə qəbul edilib

Bakı. 27 fevral. REPORT.AZ/ Oğuz rayonunda 3 gün əvvəl qəzaya düşmüş vəkil dünyasını dəyişib.

"Report"un xəbərinə görə, fevral ayının 24-də Oğuz-Şəki yolunda baş vermiş qəzada ağır xəsarət alan 1982-ci il təvəllüdlü Şəki şəhər sakini Hacısəlimov Rüstəm Xudaverdi oğlu yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzdə həkimlərin müdaxiləsinə baxmayaraq keçinib.

O, xəstəxanaya qapalı kəllə-beyin travması diaqnozu ilə qəbul edilib.

R.Hacısəlimov fevralın 23-dən 24-nə keçən gecə idarə etdiyi BMW markalı minik avtomobili ilə Oğuz-Şəki magistral yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində Şəki rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Rüstəm Hacısəlimov Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır olduğundan Bakıya gətirilib.

Qəza zamanı R.Hacısəlimov Oğuz rayon Məhkəməsində vəkil kimi çıxış edib. O, işindən sonra yaşadığı Şəki şəhərinə geri dönürmüş.

Faktla bağlı DİN-in Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi