Oğuz. 25 avqust. REPORT.AZ / Oğuz rayonunun Xaçmaz kəndinin Qəbələ rayonu ilə sərhəd ərazilərində meşə sahələrində baş vermiş yanğın hadisəsinin qarşısını almaq mümkün olmayıb.
Oğuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən "Report"un Şimal-Qərb bürosuna verilən xəbərə görə, geniş ərazini əhatə edən meşə yanğınlarının qarşısının alınması məqsədilə Oğuzdan 3, Qəbələdən 2, Şəki, Yevlax və Ağdaş rayonlarının hər birindən 1 yanğınsöndürən maşın və xeyli sayda şəxsi heyət cəlb olunub. Dünən günün axşam saatlarında qaranlıq olması səbəbindən yanğınsöndürmə işləri təxirə salınıb.
Hazırda ərazidə növbətçi yanğınsöndürənlər növbə çəkir. Sabah günün səhər saatlarında yanğınların qarşısının alınması üçün yanğınsöndürən maşınlar və şəxsi heyət yenidən ərazilərə cəlb olunacaq.
Məlumat üçün bildirək ki, Oğuz rayonunda meşə yanğınları avqustun 24-də başlayıb.