Yuxarı

Oğlu qətl törədən məktəb direktoru işdən çıxarılıb

Təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakı şəhəri, Xətai rayonunda yerləşən 191 saylı orta məktəbin direktoru Rəhimə Əliyeva işdən çıxarılıb.

“Report”un xəbərinə görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Qeyd edək ki, R.Əliyeva 2015-ci ilin iyul ayında keçmiş arvadını öldürərək yandıran şəxsin anasıdır. Belə ki, paytaxtın Xətai rayonunda qətlə yetiriləndən sonra Xızıda yandırılan 1981-ci il təvəllüdlü Natəvan Əliyeva 191 saylı orta məktəbin direktoru Əliyeva Rəhimə İsmayıl qızının həm gəlini, həm də qardaşı qızıdır.

N.Əliyeva keçmiş həyat yoldaşı, məktəb direktorunun oğlu - 34 yaşlı Əliyev Samir Səməndər oğlu tərəfindən qətlə yetirilərək yandırılıb.

Xatırladaq ki, keçən il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində naməlum qadının şəxsiyyəti müəyyənləşdirilib. Meyitin 1981-ci il təvəllüdlü Bakı sakini Natəvan Əliyevaya məxsus olduğu bəlli olub. N.Əliyeva Bakıda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. O, üç uşaq anası olub.

Faktla bağlı cinayət işi başlanıb, qətli törədən şəxs həbs edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi