Yuxarı

Novruz bayramı günü həmyerlisini bıçaqlayan şəxsin cəzası azaldılıb

​Novruz bayramı günü həmyerlisini bıçaqlayan şəxsin cəzası azaldılıb

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Novruz Orduxanlının barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Orduxanlının apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, onun Cinayət Məcəlləsinin (CM) 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə 130.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. CM-nin 130.1-ci maddəsi ilə N.Orduxanlının 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası 9 aya endirilib.

İttiham aktına əsasən, hadisə ötən il martın 21-də - Novruz bayramı günü Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib. N.Orduxanlı hadisədən 1 gün əvvəl tanışı Kamran İsmayılovla aralarında yaranmış mübahisə zamanı onu nalayiq söyüşlərlə təhqir edib. K.İsmayılov isə bu barədə qardaşı Səbuhi İsmayılova xəbər verib. Daha sonra S.İsmayılov N.Orduxanlını Mehdiabad qəsəbəsində, 28 may küçəsindəki “Praqa” çay evinin arxa tərəfindəki boş əraziyə görüşə dəvət edib. Nəticədə onların arasında mübahisə yaranıb və N.Orduxanlı üstündə gəzdirdiyi bıçaqla S.İsmayılovun qarnının sağ nahiyyəsinə zərbə endirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Orduxanlı 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi