Nijni Novqorodda sərnişin azərbaycanlı taksi sürücüsünü öldürüb

Nijni Novqorodda sərnişin azərbaycanlı taksi sürücüsünü öldürüb Mərhum Elşən İsayevin iki qızı tezliklə anası ilə birlikdə Azərbaycana qayıdacaq
Hadisə
28 Mart , 2017 10:57
Nijni Novqorodda sərnişin azərbaycanlı taksi sürücüsünü öldürüb

Bakı. 28 mart. REPORT.AZ/ Rusiyanın Nijni Novqorod şəhərində azərbaycanlı taksi sürücüsü Elşən İsayev qətlə yetirilib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə martın 26-dan 27-nə keçən gecə baş verib.

Taksiyə əyləşən sərnişin sürücünü boğazından bıçaqlayaraq hadisə yerindən qaçıb. Azərbaycanlı sürücü aldığı ciddi yaradan xəstəxanada dünyasını dəyişib.

Cinayətkar hadisə yerində sənəd qabını unudub. Polis əməkdaşları sərnişin oturacağında qatilin yaxın zamanlarda həbsxanadan çıxdığını göstərən sənəd aşkarlayıblar.

Taksi sürücüsünün qətli ilə bağlı cinayət işi açılıb. Hazırda İstintaq Komitəsinin müstəntiqləri polis əməkdaşları ilə birlikdə cinayət törətmiş şəxsi müəyyənləşdirmək məqsədilə kompleks istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Qeyd edək ki, mərhum Elşən İsayevin iki qızı var. Onlar anaları ilə birlikdə tezliklə Azərbaycana qayıdacaqlar.

Son xəbərlər

Orphus sistemi