Bakı. 22 yanvar. REPORT.AZ/ Ötən gecə Bakının Nərimanov rayonu ərazisində qəza baş verib.
“Report” xəbər verir ki, hadisə Məmməd Araz və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində qeydə alınıb.
Fərid Aslanov sükanı arxasında olduğu "Mercedes" markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olan zaman qarşısına çıxan "Daewoo" ilə toqquşub. İdarəetməni itirən sürücü daha sonra avtomobili yaşayış evinin darvazasına çırpıb.
Baş verən qəzada xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Qəzadan sonra hər iki sürücü baş verən hadisəyə görə bir-birini ittiham edib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gələnə kimi qəzaya səbəb olan Fərid Aslanov hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.

