Yuxarı

​Nərimanov parkında saxta dollar satan şəxsin məhkəməsi başlayıb

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda saxta dollar satmaqda təqsirləndirilən Şamaxı şəhər sakini Mehman Qafarovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"Report" xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında baş verib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilib ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhər sakini M.Qafarov 200 ədəd 100 dollarlıq saxta əsginazı Nərimanov rayonu ərazisindəki parkda satarkən tutulub. Üzərinə baxış zamanı ondan əlavə 18 ədəd 100 manatlıq saxta əsginaz da aşkar edilərək götürülüb.

M.Qafarov Cinayət Məcəlləsinin 204.3.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi