Yuxarı

​Neftçalada özünü yandıran məktəb direktorunun müavini ölüb

Bakıdan həkim çağırılmasına baxmayaraq, Alik Novruzovun həyatını xilas etmək mümkün olmayıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Neftçala rayonunda özünü yandıran məktəb direktorunun müavini xəstəxanada ölüb. 

"Report"un məlumatına görə, Neftçala şəhər 4 saylı tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini işləyən 63 yaşlı Alik Mustafa oğlu Novruzovu Bakıdan dəvət olunan həkim və mütəxəssislər müayinə ediblər. 

Neftçala Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Telman Zahidov "Report"a bildirib ki, xəstənin vəziyyəti ağır olduğundan, Bakıya göndərilməsi mümkün olmayıb: "Respublika Yanıq Mərkəzindən xəstəxanaya həkim və mütəxəssislər çağırılıb və onlar Alik Novruzovu müayinə ediblər. Müalicə işləri düzgün aparılıb. Sadəcə, xəstənin vəziyyəti ağır olduğundan, onun həyatını xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, Neftçala şəhərinin M.Ə.Rəsulzadə küçəsində yaşayan, şəhər 4 saylı tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini işləyən A.Novruzov məktəbin qazanxanasında özünə od vuraraq yandırıb. Bundan xəbər tutan məktəbin pedaqoji kollektivinin səyi nəticəsində alov söndürülüb və hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə A.Novruzov Neftçala RMX-ya çatdırılıb. O, 4-cü dərəcəli termiki total yanığı alıb. Dörd qız atası olan Alik Novruzovun külli miqdarda borcu olduğu üçün özünü yandırdığı ehtimal olunur. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi