Yuxarı

Naxçıvanda 300 kiloqram ərp əleyhinə təmizləyicinin ölkəyə idxalının qarşısı alınıb

Məhvetmədə ümumi çəkisi 12 tona yaxın olan mallar yandırılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin keçirdiyi növbəti məhvetmə tədbirində yandırılan mallar, əsasən, müxtəlif markalı ərzaq və qida məhsullarından, yuyucu və təmizləyici vasitələrdən, psixotrop tərkibli dərmanlardan, pirotexniki vasitələrdən, müxtəlif təsərrüfat mallarından ibarət olub.

“Report”un xəbərinə görə, məhvetmədə ümumi çəkisi 12 tona yaxın olan mallar yandırılıb. Naxçıvan Gömrük Ekspertizası İdarəsinin laborator rəyləri nəzərə alınaraq 2015-ci ilin ikinci yarısı ərzində 6 ton 895 kiloqram yuyucu vasitənin, ümumi çəkisi 2 tondan artıq olan ərzaq və qida məhsulunun, spirtli içki və meyvə şirələrinin keyfiyyətinin tələblərə cavab vermədiyi müəyyənləşdirilmiş və məhvinə qərar verilib. İki tona yaxın ərzaq və qida məhsulu isə üzərində istehsal və son istifadə tarixinin göstərilməməsi, istehlak müddətinin bitməsi və əmtəə görünüşünün pozulması səbəbindən yandırılmışdır. Keyfiyyət göstəriciləri aşağı olan və müvafiq normalara uyğun gəlməyən malların arasında daha çox uşaqlara alınan qida məhsulları, meyvə şirələri, yuyucu vasitələr və sair olub. Məhv edilən mallar arasında kontrafakt başqa sözlə, saxta mallar da yer alıb. Məhz 12 min 500 kiloqram qəlyan tütününün, 270 ədəd “ABC” markalı silikon yapışdırıcının, 300 kiloqram “Kalqon” markalı ərp əleyhinə təmizləyicinin istehsalının və qablaşdırılmasının saxta yollarla aparıldığı müəyyən edilib. Məhv edilən saxtamallar içərisində 1 milyon 80 min ədəd aksiz markası, 12 ədəd dövlət nömrə nişanı da olub.

Görülən tədbirlər nəticəsində müvafiq dövlət orqanlarından xüsusi icazə sənədi alınmadan gətirilən 91 adda müxtəlif dərman preparatları, o cümlədən psixotrop dərmanlar, 6500 ədəddən çox pirotexniki vasitə, 42 ədəd balıq toru da məhv edilib. Milli mentalitetə mənfi təsir göstərən ədəbiyyat və vasitələrin muxtar respublikaya gətirilməsinə qarşı mübarizə də diqqətdə saxlanılmış, əxlaq qaydalarına zidd olduğu üçün

saxlanılmış vasitə və CD-lər də yandırılıb. Milli və iqtisadi təhlükəsizliyin, ictimai asayişin və insanların sağlamlığının qorunması istiqamətində də tədbirlər davam etdirilir. Gömrük-keçid məntəqələrində saxlanılmış 26 ədəd beşbarmaq və 1 ədəd döymə aparatı da xüsusi qaydada məhv edilib. Xaricdən gətirilən 17 ədəd minik avtomobili şini isə köhnə və yararsız olduğundan ölkəyə idxalının qarşısı alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi