Qax. 28 aprel. REPORT.AZ/ Qax rayonunda evində narkotik tərkibli bitkilər əkən 31 yaşlı şəxs saxlanılıb.
Bunu "Report"un Şimal-qərb bürosuna Qax Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Ramil Məbudov deyib.
R.Məbudov bildirib ki, şəhər sakini Elşən Yaqub oğlu Musayev rayonun "Qanlı Qobu" adlanan ərazidən yabanı halda bitmiş çətənə bitkilərinin toxumlarından yığaraq yaşadığı fərdi yaşayış evinin həyətində dəmir vannada əkib. "Həmin bitkilərə Elşən Musayev tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək çətənə kolları yetişdirilib: "Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində Elşən Musayevin yaşadığı ünvana baxış keçirilib və oradan 116 ədəd xüsusi qulluq edilərək yetişdirilən çətənə kolları aşkar olunaraq götürülüb".
Narkotik bitkilərin kultivasiyası ilə məşqul olan E.Musayev bildirib ki, çətənə kollarını şəxsi istifadəsi üçün əkib: "Bir il olar ki, istifadə edirəm. Əkdiyim narkotik bitkilərin sayını polis tutandan sonra bildim. Mən saymamışdım polis saydı 116 ədəd çətənə kolu idi. Ailəliyəm iki övladım var. Sonrakı peşmançılıq fayda verməz".
Faktla bağlı Cinayət Məcəlləsinin 237.2.3-cü (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və Qax rayon Məhkəməsinin qərarı ilə E.Musayev barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.