Narkotik vasitələri satmaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Narkotik vasitələri satmaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib Təqsirləndirilən şəxs: “Məndə heç bir narkotik maddə yox idi”
Hadisə
20 Oktyabr , 2015 17:47
Narkotik vasitələri satmaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluğa cəhd etməkdə və qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report”un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və şahid Pərviz Mustafayev dindirilib.

R.Məmmədov ifadəsində bildirib ki, tutulan vaxt üzərində narkotik maddə olmayıb: “Uzun müddətdir Rusiya Federasiyasında yaşayırdım. Azərbaycana təzə gəlmişdim. Soyğunçuluq etdiyim üçün 2 il Rusiyada həbsdə olmuşam. Yay fəsli idi. Gecə 02:30 radələri olardı. Dostlarımla kafedə içib Sumqayıtda yaşayan bacımgilə gedirdim. Üzərimdə pul olmadığından, yolla gedən bir nəfərə arxadan yaxınlaşdım. Ona dedim ki, mənə 5 manat pul verə bilərsən? Həmin şəxs isə mənə “get burdan” dedi. Daha sonra mənim haqqımda polisə məlumat verdilər. Polis isə məni bölməyə aparıb üzərimdən 28 manat pul və 2 qutu heroin götürdü. Lakin məndə heç bir narkotik maddə yox idi”.

Polis bölməsinin əməkdaşı P.Mustafayev isə dindirilən zaman R.Məmmədovu hadisə günü bölməyə gətirdiklərini, lakin aradan 4 ay keçdiyi üçün çox şeyin yadında qalmadığını deyib: “Düzdür, Ruslan Məmmədovun bölmənin əməkdaşları tərəfindən bölməyə gətirilməsi yadımdadır. Amma çox şeyi xatırlamıram. Hadisədən 4 ay keçib”.

Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, bu ilin iyun ayında R.Məmmədov soyğunçuluğa cəhd etdiyinə görə tutulub. Hadisə zamanı onun üzərindən narkotik vasitələr götürülüb.

O, Cinayət Məcəlləsinin 29,180.2.4-cü (soyğunçuluq, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə, cinayət etməyə cəhd) və 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələrilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi