Yuxarı

Nardaranın “İmam Hüseyn” meydanı tam olaraq boşaldılıb

Meydanın giriş-çıxışındakı sədlər götürülüb, sakinlər evlərinə gedib

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakının Nardaran qəsəbəsinin sakinləri etiraz əlaməti olaraq toplaşdıqları “İmam Hüseyn” meydanını tam olaraq boşaldıblar.

“Report”un məlumatına görə, meydanın boşaldılması ilə bağlı qərar bir qrup qəsəbə sakininin bu gün "Hüseyniyyə" məscidində yığıncağı zamanı qəbul edilib.

“İmam Hüseyn” meydanında qurulan çadır sökülüb. Meydanın giriş-çıxışındakı sədlər götürülüb. Hazırda təmizlik işləri aparılır. Kənardan gəlmiş şəxsləri aparmaq üçün avtobuslar gətirilib. Qəsəbə sakinlərinin də əksəriyyəti evlərinə gediblər.

Qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar törətməyi planlaşdıraraq din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə DİN-ə daxil olmuş məlumat əsasında noyabrın 26-da Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib.

Əməliyyat zamanı silahlı insident baş verib. Nəticədə ikisi polis əməkdaşı olmaqla, 6 nəfər ölüb. Bir nəfər isə Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi