"Nardaran işi" ilə bağlı məhkəmə prosesi davam etdirilib - YENİLƏNİB

"Nardaran işi" ilə bağlı məhkəmə prosesi davam etdirilib - YENİLƏNİB Şahidlər ifadə verib
Hadisə
14 Noyabr , 2016 16:01
Nardaran işi ilə bağlı məhkəmə prosesi davam etdirilib - YENİLƏNİB

*** saat 14:16

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə, həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Hüseynbala Mehdiyev ifadə verib.

O, Fuad Qəhrəmanlının sosial şəbəkədə yazdığı statusa şərh yazdığını deyib: "Buna görə istintaqda dindirilmişəm. Həkim işləyirəm, bir neçə dəfə ürəyimdən əməliyyat olunmuşam. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılanda məndən Taleh Bağırovu tanıyıb-tanımadığımı soruşdular. Onlara onu tanımadığımı bildirdim. Həmçinin, məndən Fuad Qəhrəmanlı barəsində də soruşdular. Onu tanıdığımı söylədim. Xatırlamıram hansı statusuna rəy yazmışam. Eynəyim evdə qaldığından oxuya bilmədim və sənədləri imzaladım".

Şahid qismində Nardaran sakini Xəqani Dadaşov dindirilib. O, Nardaran qəsəbəsində baş verən hadisə barədə telefonla xəbər tutduğunu söyləyib.

Vəkillər onun ifadələrində ziddiyət olduğunu bildiriblər. Onlar həmin şəxsin ifadəsinin elan edilməsini istəyiblər. Bundan sonra onun ifadəsi elan edilib. O, ifadəsində Taleh Bağırovun hər kəsi silahlanmağa və dövlətə qarşı qalxmağa səslədiyini deyib.

X.Dadaşov istintaqa verdiyi ifadəsini təsdiq etmədiyini vurğulayıb.

Prosesdə hakim "Müsəlman Birliyi Hərəkatı"nın sədri Taleh Bağırovun müraciət kitabçasının alınması üçün istintaq orqanına göndərdikləri sorğuya cavab olaraq həmin kitabçanın məhkəməyə təqdim edildiyini bildirib: "Vəkillər istədikləri vaxt onunla tanış ola bilər".

Günün ikinci yarısında davam etdirilən prosesdə hakim qeyd edib ki, şahidlərdən Sərdar Bünyadov və digər bir neçə nəfər məhkəməyə müraciət edərək istintaqa verdikləri ifadəni təsdiq etdiklərini iclasa gəlmək istəmədiklərini bildiriblər.

Təqsirləndirilən T.Bağırov isə həmin şəxslərin məhkəmədə dindirilməsini tələb edib.

Digər təqsirləndirilən A.İsmayılovun vəkili bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin gözündə problem var: "Buna görə ona həkim tərəfindən yeni eynək təyin olunmasını istəyirəm".

Hakim bildirib ki, həmin şəxsin ad və soyadı məhkəməyə təyin edilsə, onun istintaq təcridxanasına buraxılmasına şərait yaradılacaq.

Proses noyabrın 16-na kimi təxirə salınıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynov saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb.

F.Qəhrəmanlıdan başqa, həmin şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3-cü (qəsdən adam öldürmə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (qəsdən adam öldürmə, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə), 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.3-cü (qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29,120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd), 28,214.2.1-ci (terrorçuğa hazırlıq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28,214.2.3-cü (terrorçuğa hazırlıq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 220.2-ci (kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.1-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 283.2.3-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə, bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

F.Qəhrəmanlı isə keçən il dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra onun barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham olunur. 

Son xəbərlər

Orphus sistemi