Bakı. 8 may. REPORT.AZ/ Nardaran hadisələrinə görə, təqsirləndirilən şəxslər cərimə kamerasına ("kars") salınıb.
Bu barədə "Report"a təqsirləndirilən şəxslərdən Ruzi İsmayılovun vəkili Şəhla Hümbətova məlumat verib.
Onun sözlərinə görə, mayın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hakim Zeynal Ağayev jurnalistləri zaldan çıxarandan sonra təqsirləndirilən şəxslər - Zülfüqar Mikayılov, Ruzi İsmayılov və digər 10 nəfər buna etiraz edib.
Ş.Hümbətova qeyd edib ki, təqsirləndirilən şəxslər iclasdan sonra saxlanıldıqları Bakı İstintaq təcridxanasına aparılıblar və orada 12 nəfərin hər biri cərimə kamerasına salınıb.
Vəkil bildirib ki, bir neçə saatdan sonra təqsirləndirilən şəxslər "kars"dan çıxarılsa da, Z.Mikayılov, R.İsmayılov və Ramil Seyfullayev üç gün cərimə kamerasında saxlanılıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb.