​Nardaran hadisələrinə görə Lənkəranda tutulan şəxsin apellyasiya şikayəti təmin edilməyib

​Nardaran hadisələrinə görə Lənkəranda tutulan şəxsin apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb
Hadisə
22 İyul , 2016 17:33
​Nardaran hadisələrinə görə Lənkəranda tutulan şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 22 iyul. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələri ilə bağlı Lənkəranda tutulan Elman Seydəmir oğlu Ağayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə "Report"a E.Ağayevin vəkili Akif Əliyev məlumat verib.

Vəkil bildirib ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, E.Ağayevin apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

A.Əliyevin sözlərinə görə, E.Ağayevin səhhətində ciddi problemlər var: "Hüquqlarını müdafiə etdiyim şəxsin başında şiş əmələ gəlib. Penitensiar Xidmətin Müalicə Müəssəsində onun müalicə olunması mümkün deyil. Bunun üçün onun başında olan ağrıları digər xəstəxanalarda yoxlamaq lazımdır. Elman Ağayev mənə bildirib ki, başında həm küt ağrılar var, həm də ürək bulanmasından çox əziyyət çəkir".

Xatırladaq ki, ötən həftə Nəsimi Rayon Məhkəməsində E.Ağayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini 3 ay 25 gün müddətinə artırıb. Qərardan narazı qalan E.Ağayev apellyasiya şikayəti verib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb. T.Bağırov və digər 17 nəfərin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, E.Ağayev Nardaran hadisələri ilə bağlı Lənkəran şəhərində həbs edilib.

Son xəbərlər

Orphus sistemi