Nardaran Ağsaqqallar Şurasının sədri və Azərbaycan İslam Partiyasının sabiq sədr müavininin cinayət işi eyni icraata verilib

Nardaran Ağsaqqallar Şurasının sədri və Azərbaycan İslam Partiyasının sabiq sədr müavininin cinayət işi eyni icraata verilib Cinayət işinə hakim Eldar İsmayılov sədrliyi ilə baxılacaq
Hadisə
126
30 Dekabr , 2016 14:00
Nardaran Ağsaqqallar Şurasının sədri və Azərbaycan İslam Partiyasının sabiq sədr müavininin cinayət işi eyni icraata verilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Dövlətə xəyanət etməkdə təqsirləndirilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi eyni icraata verilib.

"Report"un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək iclas yanvarın 10-na təyin edilib.

Cinayət işinə hakim Eldar İsmayılov sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.

Bununla əlaqədar N.Kərimov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Bu il isə DTX-nın həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əhədov İnqilab Xəlil oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar İ.Əhədov DTX-nın İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq yanvarın 27-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan İ.Əhədovun həbs müddəti bir neçə dəfə uzadılıb.

Son xəbərlər

Orphus sistemi