Yuxarı

​Müğənni Nazəninin qardaşının şikayəti əsasında məhkəmə başlayıb

Məhkəmənin növbəti iclası mayın 23-nə təyin edilib

Bakı. 20 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əlizamin Rəhim oğlu Əliyevin cəzasının çəkilməmiş hissəsinin çəkilməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesinin ilkin baxış iclası keçirilib. 

“Report”un məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 23-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, 2009-cu ilin iyun ayında Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 15-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini, 1960-cı il təvəllüdlü Ə.Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək paytaxt Bakıda saxlanılıb. Əməliyyatçılar onun üzərindən 80.341 qram narkotik vasitə olan heroin götürüblər.

Sabunçu RPİ-nin istintaq şöbəsində dindirilən Ə.Əliyev müğənni Nazəninin qardaşı olduğunu və uzun müddətdən bəri narkotik vasitələrin istifadəçisi olduğunu bildirib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

2009-cu ilin sentyabr ayının 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin hökmü ilə Ə.Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının çəkilməmiş hissəsinin çəkilməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün bu il Nizami Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə müğənninin qardaşının müraciətini təmin etməyib. Həmin qərardan narazı qalan Ə.Əliyev apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi