Müəllimlər İnstitutunun Gəncə filialının sabiq direktoru xəstəxanaya yerləşdirilib

Müəllimlər İnstitutunun Gəncə filialının sabiq direktoru xəstəxanaya yerləşdirilib Məhkəmə prosesi təxirə salınıb
Hadisə
23 Fevral , 2017 11:50
Müəllimlər İnstitutunun Gəncə filialının sabiq direktoru xəstəxanaya yerləşdirilib

Bakı. 23 fevral. REPORT.AZ/ Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Müəllimlər İnstitutunun bağlanan Gəncə filialının sabiq direktoru Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

"Report"un məlumatına görə, hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən iclasın təxirə salınmasına səbəb sabiq direktorun səhhətinin ağırlaşması olub.

Belə ki, R.Məmmədovun sonuncu məhkəmə prosesindən sonra şəkəri qalxıb və o, xəstəxanaya yerləşdirilib. Onun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Onu da əlavə edək ki, ötən məhkəmə iclasında zərərçəkmiş İdris Əliyev dindirilən zaman övladını instituta qəbul etdirməsi üçün R.Məmmədova 16 min manat pul verdiyini deyib. O, məhkəməyə vəsatətlə müraciət edərək R.Məmmədovun həbs edilməsini istəyib.

Vəsatət baxılmamış saxlanılıb.

Qeyd edək ki, R.Məmmədov 2000-ci ildən Müəllimlər İnustutunun Gəncə filialının rektoru vəzifəsində çalışıb O, 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub. Bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunub.
R.Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

Məhkəmə iclasında məlum olub ki, zərərçəkmişlərə dəymiş zərər 922 min 660 manatdır.

Xatırladaq ki, Müəllimlər İnstitunun sabiq rektoru millət vəkili Aqiyə Naxçıvanlıdır. İnstitutun Gəncə filialında aşkarlanan saxta diplomların hər birində A.Naxçıvanlının imzası olub. Rektor isə mətbuatda açıqlamasında bildirib ki, uzun illərdir institutun filiallarında bu tipli saxtakarlıqlara yol verilməsindən xəbərdar olub və buna görə də dəfələrlə daxili yoxlamalar aparıb. Məhz bu saxtakarlığın qarşısını almaq üçün özü Təhsil Nazirliyinə də özü müraciət edib.

Son xəbərlər

Orphus sistemi