Bakı. 15 may. REPORT.AZ/ Özünü Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən Minarə Allahverdiyeva barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.
“Report”un xəbərinə görə, Ali Məhkəmədə keçiriləcək iclas mayın 17-nə təyin edilib.
İşə hakim Akif İsgəndərovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, M.Allahverdiyeva işə düzəltmək adı ilə bir neçə nəfərdən pul alıb. O, icra hakimiyyətinin və bələdiyyənin vəzifəli şəxsləri adından da istifadə edib, torpaq satmaq adı ilə 10-dan çox şəxsi aldadıb. Onu 2013-cü ildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları həbs edib. M.Allahverdiyeva özünü MTN əməkdaşı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və digər dövlət qurumlarının işçisi kimi təqdim edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Allahverdiyeva apellyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə M.Allahverdiyevanın apellyasiya şikayəti təmin edilməyib.