Yuxarı

"MTN işi": "Pulu Mövlam Şıxəliyevlə Vüsal Ələkbərova verdik"

"MTN işi": "Pulu Mövlam Şıxəliyevlə Vüsal Ələkbərova verdik"
Prosedə tərəflər arasında qalmaqal yaranıb

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə bizneslə məşğul olan iş adamı, zərərçəkmiş Bahəddin Sultanovun epizodu üzrə şahidlər dindirilib.

Şahid qismində İntiqam Sultanov ifadə verib. O bildirib ki, 2008-ci ildə MTN-ə çağırılanda onun 21 yaşı olub: "Vüsal Ələkbərov məni bu yaşımda həbs etməklə bədbəxt edib".

Bu zaman V.Ələkbərovla şahidin arasında mübahisə yaranıb. Təqsirləndirilən şəxs heç kimi bədbəxt etmədiyini söyləyib. O, İntiqam Sultanovun konkret cinayət törətdiyi üçün həbs edildiyini və onun barəsində qanuni hökmün olduğunu deyib.

Hakim tərəfləri sakitləşdirəndən sonra İ.Sultanov ifadəsini davam etdirib. O bildirib ki, MTN-də V.Ələkbərov ona bankdan 570 min manat kredit götürdüklərini və həmin pulları ödəmək lazım olduğunu deyib: "Amma biz bankdan belə bir məbləğdə kredit götürməmişdik. Kredit götürmək üçün banka müraciət etmişdik və fermamızın təsdiq olunmuş sənədlərinin sürətini Zal Yusofova vermişdik. Lakin sonradan kreditin götürlməsi alınmadı və biz də sənədlərimizi geri aldıq".

Şahinin sözlərinə görə, o, saxlanılan zaman V.Ələkbərov ona deyilən məbləğin ödəmək lazım olduğunu qeyd edib: "Məni Zal Yusifovla üzləşdirilməmizi tələb etsəm də, bu alınmadı. Onların dediklərini etmədiyim üçün həbs edildim. Sonradan şərti cəza ilə həbsdən azad edilmişəm”.

Zərərçəkmiş B.Sultanov isə qeyd edib ki, nə özünün, nə də oğlunun Z.Yusifovla əlaqəsi olmayıb.

V.Ələkbərov isə hər iki şəxsi yalan danışmaqda ittiham edib. O deyib ki, İ.Sultanova dələduzluqda iştirakçılıq ittihamı verilib.

Bu zaman şahidlə V.Ələkbərovun arasında mübahisə yaranıb.

Tərəflər sakitləşəndən sonra prosesdə B.Sultanovun qardaşı Mirzə Paşayev dindirilib. Şahid qardaşının MTN əməkdaşları - Mövlam Şıxəliyevlə Vüsal Ələkbərova pulun verilməsində iştirak etdiyini söyləyib.

V.Ələkbərov isə həmin şəxslərdən pul almadığını, onların yalan danışdığını deyib.

Daha sonra şahid qismində İbrahim Əsgərov ifadə verib. Onun sözlərinə görə, B.Sultanovun uşaqlıq dostu olub və onun MTN-də yaranan problemləri ilə bağlı maliyyə köməyi göstərib.

Xatırladaq ki, ittiham aktına əsasən, B.Sultanov və oğlu İ.Sultanov 2008-ci ildə “Texnikabank” ASC-nin “Bakı” filialının rəhbəri Zal Yusifovun cinayət işi üzrə saxlanıblar. Həmin vaxt B.Sultanov özünün həbsdən azad edilməsi üçün 370 min manat V.Ələkbərova verib, oğlu isə mühakimə olunub.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

Həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilinə üzərinə həbs qoyulub.

Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri isə 1 milyon 277 min manat hesablanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi