Yuxarı

​MTN adından dələduzuluq edən şəxslərin apellyasiya şikayətinə baxılıb

Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb

Bakı. 5 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən 1972-ci il təvəllüdlü Bulud Kərimov və 1989-cu il təvəllüdlü Urfan Hüseynov barələrində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorluğun apellyasiya protesti və təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, B.Kərimov özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Nizami Qəhrəmanov və U.Hüseynovla birlikdə mütəşəkkil dəstə yaradıblar. Təqsirləndirilən şəxslər özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edərək, onların etibarından sui-istifadə etməklə külli miqdarda ziyan vurublar. B.Kərimov 2015-ci ilin mart ayının 3-də, U.Hüseynov isə həmin ilin may ayının 5-də həbs edilib. Dəstə üzvü N.Qəhrəmanov isə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub. İş üzrə 22 nəfər zərərçəkən kimi tanınıb.

B.Kərimov və U.Hüseynov Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.

2015-ci ilin dekabr ayının 14-də Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ilə B.Kərimov 4 il, U. Hüseynov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri və dövlət ittihamçısı isə apellyasiya protesti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi