Bakı. 31 mart. REPORT.AZ/ Rusiya hüquq-mühafizə orqanları tərəfindən Moskva vilayətinin Balaşixa şəhərində aparılan əməliyyat zamanı 45 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin vilayət üzrə idarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata görə, soydaşımızın qaldığı evdə axtarış aparılan zamanı qanunsuz olaraq saxlanılan güllə və silahlar aşkar edilib.
"Götürülən döyüş sursatları müayinəyə göndərilib. Müayinənin nəticələrinə görə, 20 ədəd güllənin döyüşə yararlı, üç tapançanın isə atış üçün yararlı olan əldəqayırma odlu yivli silah olduğu məlum olub", - deyə məlumatda bildirilir.
Faktla bağlı "Qanunsuz silah, onun əsas hissələri və döyüş sursatlarının əldə edilməsi, ötürülməsi, satışı, saxlanılması, daşınması və ya gəzdirilməsi" maddəsi üzrə cinayət işi qaldırılıb.
Bu maddəyə görə, tutulan şəxsi dörd ilədək həbs cəzası gözləyir.