İsmayıllıda elektrik naqilləri oğurlamaqda təqsirləndirilən Azad Abbasov və Anar Baxışovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
“Report”un xəbərinə görə, iş baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rəfayel Şirinovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yanvarın 23-nə təyin edilib.
Zərəçəkmiş qismində “Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC tanınır.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında İsmayıllı rayonunun Qubaxəlilli kəndi ərazisində baş verib.
Belə ki, Qəbələ hava xəttinin 293-294-cü dayaqları arasında elektrik naqillərinin oğurlanması ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Əməliyyat nəticəsində elektrik naqilini kəsib oğurlamaq istəyən Kürdəmir rayon sakini Anar Baxışov şübhəli şəxs qismində saxlanılıb.
Daha sonra hadisənin digər iştirakçısı A.Abbasov da tutulub.