Bakı. 18 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində lisenziyası ləğv edilmiş “Gəncəbank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Azərbaycan Mərkəzi Bankına (AMB) qarşı apellyasiya şikayəti üzrə məhkəməsi başa çatıb.
“Report”un məlumatına görə, hakim Elmira Nağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərardad və qərar ləğv edilib. İş aidiyyəti üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı lisenziyası ləğv edilmiş “Gəncəbank” ASC məhkəməyə verib. AMB bankın müflis elan edilməsi, ləğvedici qismində “Azerbaijan İnternational Consulting Company” MMC-nin təyin edilməsi, ləğvediciyə ödəniləcək aylıq əmək haqqının 15 min manat məbləğində müəyyən edilməsi barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ASC-nin aidiyyət barədə vəsatətini təmin etməyərək, bankın müflis elan edilməsi haqqında qərar çıxarıb. Qərardan narazı qalan “Gəncəbank” apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.