Mərhum İlhamə Quliyevanın sabiq köməkçisinin məhkəməsində şahidlər ifadə verib

Mərhum İlhamə Quliyevanın sabiq köməkçisinin məhkəməsində şahidlər ifadə verib “Mən İlhamə xanımın istəyi ilə həmin anın videogörüntüsünü çəkdim”
Hadisə
6 Sentyabr , 2016 14:38
Mərhum İlhamə Quliyevanın sabiq köməkçisinin məhkəməsində şahidlər ifadə verib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid Vüqar Bəkirov ifadə verib.

Mərhum İ.Quliyevanın oğlu Orxan Nadirovun dostu olan V.Bəkirov ifadəsində bildirib ki, hazırda 17 saylı cəzaçəkmə müəssəsində məhbusluq həyatı yaşayır. Onun sözlərinə görə, İ.Quliyevanı M.Hüseynovanın vasitəsi ilə tanıyıb: "Orxan mənim vasitəmlə başqa adamlardan pul alıb. Həmin pulu qaytarmadığı üçün İlhamə xanımla görüşmək istədim. Telefonu Mehriban açdı. Daha sonra Mehribanla parkda görüşdük. İlhamə Quliyeva 10 min manat pul verdi, mən də həmin borca ödədim. İttiham aktında İlhamə xanımın varidatı 2 milyon 707 min manat dəyərində göstərilib. Lakin əslində bu belə deyil".

V.Bəkirov qeyd edib ki, M.Hüseynova İ.Quliyevanın əmlakını ələ keçirmək istəyib: "İlhamə xanım Mehribana etibarnəmə vermişdi. Mehriban İlhamə Quliyevanın ağlını başından çıxartmaq istədiyi üçün dərman axtarırdı. Mən də bu barədə İlhamə xanımın oğlu Orxan Nadirova məlumat verdim. Orxan da tərkibində vitamin olan dərmanları mənə verdi ki, onları Mehribana verim. Orxan mənə dedi ki, saxta sənəd düzəldib, Mehribana köməklik edək. Sonra onu polisə verək. Mən Mehribanın səs yazılarını hüquq-mühafizə orqanlarına təqdim etdim".

Şahid vurğulayıb ki, M.Hüseynova İ.Quliyevanı oğlu Orxan Nadirova qarşı yönləndirib: "Mehribanın məqsədi İlhamə xanımla Orxanın arasını vurmaq olub. O, evdən cadular tapıb deyirdi ki, bunu Orxanın həyat yoldaşı edib. Mən İlhamə xanımla Orxanın aralarında olan münasibətləri çox çətinliklə düzəltdim. Mehriban buna imkan vermirdi. Çünkü onların arasında düşmənçilik var idi".

V.Bəkirov İ.Quliyeva ilə aralarında olan soyuq münasibətdən də danışıb: "Mehriban İlhamə xanımın evindən əşyalar oğurlayandan sonra bu öz təsdiqini tapdı. İlhamə Quliyeva bu barədə mənim şahidlik etməyimi, onun əlehinə ifadə verməyimi istəyirdi. Mən isə buna razılıq vermədim deyə aramız dəydi".

V.Bəkirov bildirib ki, İ.Quliyevanın evində M.Hüseynovaya qarşı fiziki güc tətbiq olunduğunu görməyib: "Heç kəs onun çantasını əlindən almayıb. Mehribanın çantasından üzük çıxdı. İlhamə Quliyeva anası Tükazban xanımın üzüyü olduğunu dedi. Mehriban isə dedi ki, həmin üzüyün qaşını düzəltdirmək üçün İlhamə xanım verib".

Daha sonra İ.Quliyevanın mətbuat katibi Faiq Ələkbərli ifadə verib. O qeyd edib ki, hadisə günü onu evə İ.Quliyeva çağırıb: "İlhamə xanım mənə zəng edib Mehribanın onu zəhərləyib, əmlakını ələ keçirmək istədiyi barədə danışdı. Biz evdə olan zaman Mehriban otağa daxil oldu. Həmin zaman Kəmalə ona bir sillə vurdu. Bundan sonra Mehriban ağlayıb, yalvarmağa başladı. Mən İlhamə xanımın istəyi ilə həmin anın videogörüntüsünü qeyd etdim".

Məhkəmənin növbəti prosesi sentyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi