Mərdəkanda 2 nəfərin ölümünə və 9 nəfərin yaralanmasına səbəb olan sürücü bağışlanıb

Mərdəkanda 2 nəfərin ölümünə və 9 nəfərin yaralanmasına səbəb olan sürücü bağışlanıb Məhkəmənin növbəti prosesi aprelin 16-na təyin edilib
Hadisə
10 Aprel , 2018 15:59
Mərdəkanda 2 nəfərin ölümünə və 9 nəfərin yaralanmasına səbəb olan sürücü bağışlanıb

Bakı. 10 aprel. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümünə və 9 nəfərin yaralanmasına səbəb olan sürücü - Rac Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, R.Əliyev etibarnamə olmadan idarə etdiyi, lizinq şirkətinə məxsus “Daewo Gentra” markalı avtomobillə Mərdəkan qəsəbəsi ərazisində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq Ələddin Şovqatovun idarə etdiyi “VAZ – 21063” markalı avtomobili arxadan vurub, daha sonra isə Xamnət Quliyevin idarə etdiyi “VAZ- 2106” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində Ə.Şovqatovun azyaşlı nəvəsi Müsab Şovqatov hadisə yerində vəfat edib. R.Əliyev sərnişini olan qayınanası, 1959-cu il təvəllüdlü Sevda Abdullayeva isə yerləşdirildiyi 3 saylı Sabunçu Rayon Xəstəxanasında vəfat edib.

Qəza zamanı R.Əliyevdən başqa, 28 yaşlı Lalə Behbudova, 60 yaşlı Səriyyə Şovqatova, 65 yaşlı Ələddin Şovqatov, 34 yaşlı Əminə Şovqatova, 35 yaşlı Zaur Şovqatov, 11 yaşlı Nəzrin Əliyeva Rac qızı, 5 yaşlı Yusif Hacıyev və 3 yaşlı Adəm Hacıyev xəsarət alıb.

Elan olunmuş ittiham üzrə R.Əliyev özünü təqsirli bildiyini deyib.

Zərərçəkmişlər - Ə.Şovqatovla X.Quliyev təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını söyləyiblər.
Ə.Şovqatov hadisənin qəsdən baş vermədiyini bildirib: "Qəsdən öldürməyib ki, qəzadı da. Biz artıq barışmışıq".

O, qəza zamanı xəsarət alan digər ailə üzvlərinin müalicəsi üçün R.Əliyevin maddi yardım etmədiyini də qeyd edib.

Mərhum M.Şovqatovun atası Zaur Şovqatov və anası Əminə Şovqatova da qəza zamanı yüngül xəsarət alsalar da, şikayətçi olmadıqlarını vurğulayıblar.

Məhkəmədə məlum olub ki, lizinq şirkəti avtomobili Elbrus Mirzəyev adlı şəxsə verib. O isə maşını etibarnamə olmadan idarə etməsi üçün R.Əliyevə verib. Qəza zamanı lizinq şirkətinə dəyən 3550 manat maddi ziyan ödənilməyib.

Məhkəmənin növbəti prosesi aprelin 16-na təyin edilib.

Son xəbərlər

Orphus sistemi