Məqalə: "Ziya Məmmədovu kim vurdu..."

Məqalə: "Ziya Məmmədovu kim vurdu..." "​Milyardları başqa yerdə və başqa adamlar talan edirdi"
Hadisə
6 Dekabr , 2015 21:34
Məqalə: Ziya Məmmədovu kim vurdu...

"Report" virtualaz.org saytında dərc olunmuş "Ziya Məmmədovu kim vurdu..." başlıqlı məqaləni təqdim edir:

Son vaxtlar nəqliyyat naziri Ziya Məmmədov ətrafında yaranan vəziyyət açıq deyək ki, o qədər də qibtə olunası deyil.

Mətbuatın yaydığı məlumatlar - hətta beynəlxalq əhəmiyyətli avtomobil yollarının da keyfiyyətsiz çəkilməsi, milyardlarla dövlət vəsaitinin düzgün xərclənməməsi və mənimsənilməsi, nazirin əvvəllər birini də buraxmadığı rəsmi tədbirlərdə görünməməsi və s. barədəki qalmaqallı əhvalatlar Z.Məmmədovun karyerasının tezliklə başa çatacağına dair mülahizələr irəli sürməyə əsaslar verirdi.

Kiminsə “güclü əli” ilə belə bir ictimai rəy yaradılırdı ki, nazir bacarıqsız adamdır, əlindən heç bir iş gəlmir, amma öz qulluq mövqeyindən yaxşı istifadə edə və büdcə pullarını öz şəxsi məqsədləri üçün xərcləyə bilir.

Müəyyən dairələrin nəzarətində olan bəzi KİV-lər vəhşi meşə və dəniz heyvanlarının kolleksiyasını yaradan, bu heyvanların hətta daxili orqanlarını yeyən Z.Məmmədovun, onun oğlunun və yaxınlarının elə qeyri-adi hərəkətlərindən elə qəribə şeylər yazırdılar ki, adamın tükləri biz-biz olurdu.

Əslində heç bir əsası olmayan, necə deyərlər, boş yerdən başlayan bu hücumlar bu ilin iyununda Bakıda yüksək səviyyədə keçirilən I Avropa Oyunları ərəfəsində və ondan sonra özünün ən yüksək həddinə çatdı.

Sözügedən idman bayramının çox yüksək səviyyədə keçdiyini hətta bu oyunlara siyasi çalar verməyə ciddi-cəhdlə çalışan bədxahlar da etiraf etməyə məcbur oldular. Onlar siyasi mənzərəni korlamağa ola bilsin ki, haradasa nail oldular. Lakin nəzərə almalıyıq ki, tədbirin özü çox gözəl və ideal şəkildə təşkil edilmişdi. Bunu yarışları seyr edən idman bossları da dəfələrlə vurğuladılar.

Özü də Avropa Oyunları yaddaşlarda təkcə kütləvilik və yüksək idman nailiyyətləri ilə yox, həm də sadə insani hərəkətlərlə qaldı ki, bu da Qərbin bütün yalançı demokratlarının və hüquq müdafiəçilərinin qərəzli cəhdlərini heçə endirdi.

Polşalı gimnastın ağır zədə almasının qarşısını alan azərbaycanlı könüllünün həmin fədakarlığı necə unudula bilər?! Meydanda zədələnən azərbaycanlı idmançını qucağına götürüb səhnədən çıxaran əcnəbi idmançının bu hərəkəti də təqdirəlayiq idi.

Bütün bunlar bir daha göstərdi ki, Avropa Oyunları özünün əsl məqsədinə çatdı - idmançılar bütün milli nifrət hissini və siyasi təlimatları bir kənara atıb təmiz idman mübarizəsi şəraitində yarışdılar.

Badalaq

Lakin xaricdəki bədxahlar və ölkə daxilindəki müxalifət hər xırda şeydən ikiəlli yapışmağa hazır idilər ki, təki öz məqsədlərinə çatsınlar. Buna da nail ola bilmədilər.

Doğrudur, hamının ovqatını korlayan hadisə hər halda baş verdi. Və günahkar kimi, belə deyək, “qurbanlıq” qismində bu dəfə də Ziya Məmmədov seçildi. Nəqliyyat Nazirliyinin xaricdən baha qiymətə aldığı avtobusların biri yarışların elə ilk günündəcə bir qrup idmançını vurdu. Nəticədə üç avstriyalı idmançı qız xəsarət aldı.

Bundan əlavə, nazirliyin əməkdaşları bu hadisəni videolentə alaraq həmin kadrları öz keçmiş həmkarlarının köməyi ilə dünya mətbuatına ötürdülər.

Buradan hansı nəticə hasil olurdu? Nazirliyin bir işçisi qəza törədir (buna siyasi xarakter vermək isə çox asan idi), polis əməkdaşı baş verənləri lentə alır, başqa birisi isə geniş rezonans doğuran bu videosüjeti tirajlayır. Həmin süjetdən də görünür ki, burada avtobusun texniki nasazlığından daha çox sürücünün məsuliyyətsizliyi amili böyük rol oynayıb. Bunu tezliklə nazirlik özü də bəyan etdi.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun nəzarətindəki KİV-lər bu məsələdə daha çox canfəşanlıq etdi. Halbuki Avropa Oyunları zamanı təhlükəsizliyin qorunmasına ilk növbədə Eldar Mahmudov cavabdeh idi. Yaxşı, bəs MTN bundan əvvəl yol qəzasına görə məhkumluq həyatı yaşamış bir sürücüyə avtobus sükanının etibar olunmasına necə yol vermişdi? Bunu necə gözdən qaçırmışdı?

Lakin E.Mahmudovun nəzarət və idarə etdiyi ictimai rəy institutları barmağını yenə o qədər də populyar olmayan Ziya Məmmədova doğru tuşladı. Yeri gəlmişkən, həmin bu KİV-lər Beynəlxalq Bankda “yuyulan” 16,8 milyard avro İran pulunun Bakıya gətirilməsinin günah yükünü də Z.Məmmədovun üstünə qoymağa çalışırdılar.

Əlbəttə, Nəqliyyat Nazirliyi baş verən hadisəyə görə məsuliyyət daşıyır. Amma Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) sonra... Axı “BakuBus” şirkətini BŞİH-in nəzdində yaradıblar. Amma bütün oxlar nədənsə məhz Ziya Məmmədova tuşlanmışdı. Görünür, kimlərinsə ötürməsi, kimlərinsə ağıllı məsləhəti ilə...

Texniki baxımdan adi hadisə sayılan bu qəzaya görə hamı bir ağızdan nəyə görəsə nazir Ziya Məmmədovu günahlandırmaqda idi. Bu isə istənilən qəzaya görə Respublika Dövlət Yol Polisi İdarəsinin rəisini, hətta daxili işlər nazirini ittiham etmək kimi məntiqsiz bir şey idi. Halbuki normalda bunu heç kim etməz.

Aydın məsələdir ki, nazir öz maşınının texniki cəhətdən saz olub-olmadığını yoxlamayan sürücüyə cavabdeh deyil. Amma Eldar Mahmudovun təbliğat-təşviqat maşını artıq işə düşmüşdü və Ziya Məmmədovu istefa ilə hədələyirdi. Əgər prezident İlham Əliyevin müdaxiləsi olmasaydı, hər şey bənd-bənd əvvəlcədən hazırlanmış ssenari üzrə gedirdi.

Dövlət başçısı idmançıların təcili şəkildə Vyanaya çatdırılması üçün şəxsi təyyarəsini ayırdı və onların müalicəsi üçün bütün xərcləri öz üzərinə götürdü.

Rəqiblərinin ortaya atdığı və münasib imkan düşüncə xaricə də ötürməyə çalışdıqları bu bədheybət nazir obrazını səhnədən yalnız bu alicənab addımla silmək olardı.

Nəticə isə bəllidir: nazir töhmət almadı, amma ona Avropa Oyunlarının əksər təşkilatçılarının layiq görüldüyü mükafatdan da verilmədi.

Atəş

Qusar rayonu son illər turizm mərkəzi kimi məşhurlaşıb. Yayda minlərlə turist bu rayona axışır. Lakin Avropa Oyunları azərbaycanlıların iyun planlarına dəyişiklik etdi. Yayın ilk ayında Qusarda sakitlik idi. Bunu boş bazarlardan və adamsız istirahət mərkəzlərindən də görmək olardı. Bakılı oliqarxların Qusar rayon mərkəzi ilə Çiləgir kəndi arasındakı ərazidə tikilən və bu iki yaşayış məntəqəsini sözün hərfi mənasında birləşdirən çoxsaylı villaları da boş idi. Qusarlılar bunu anlayışla qarşılayır və vəziyyəti nəzərə alaraq ruhdan düşmürdülər. Onlar sanki bunu əzbərləyibmiş kimi bir ağızdan deyirdilər ki, Avropa Oyunları bitən kimi bakılılar yenə gələcəklər, həyat axarına düşəcək...

Sadə adamlar həmin günlərdə ölkədəki vəziyyəti gözəl başa düşürdülər. Anlayırdılar ki, bütün səviyyələrdən olan rəhbər işçilər və onların ailə üzvləri bu günlərdə Bakıda olmalıdır. Çünki potensial turistlərin böyük əksəriyyəti hazırda Avropa Oyunları ilə məşğuldur, tədbir iştirakçılarına xidmət göstərir, müxtəlif tədbirlərdə iştirak edirlər və s.

Doğrudan da belə idi. Hətta Bakıda bəzən həftə ərzində 40 dərəcəyə çatan isti havada belə rayonun sərin və sakit istirahət guşələri boş qalırdı. Yalnız şənbə günləri bütün istirahət məkanları dolub-daşırdı, bazar günü isə yenidən sükuta qərq olurdu.

Və bütün bunlar sakitcə oturub Avropa Oyunlarının bitməsini gözləyən rayon sakinlərinin nə qədər haqlı olduğunu bir daha göstərirdi.

Nəhayət, Bakıdakı idman bayramı başa çatdı. Bağlanış mərasiminin atəşfəşanlığı başa çatan kimi yayın cırhacır istisindən əldən düşmüş bakılıların Qusara axını başladı. Əlbəttə, Qusara üz tutanlar ilk növbədə oliqarxlar və onların yaxınları idi. Onlar necə deyərlər, bir güllə ilə iki dovşan vurmaq qərarına gəlmişdilər - həm öz villalarına baş çəkəcək, həm də meşənin sərinliyindən zövq alacaqdılar.

Yerli sakinlər onları sevincək qarşıladı. Onlar oliqarxların səxavətinə bel bağlayır, ümid edirdilər Avropa Oyunlarına görə itirdiklərinin yerini dolduracaqlar.

Amma sən demə, buna heç də hamı sevinmirmiş. Bunu Çiləgirdə açılan atəş səsləri də göstərdi. Bu kəndin sakini Eynulla Hacıyev açdığı atəşlə bütün el-obaya sanki Avropa Oyunlarının başa çatması, yeni turizm mövsümünün başlaması “müjdə”sini verirdi (bəlkə də sifarişlə). O, 70 yaşlı biznesmen Ramiz Vəliyevi odla silahla qətlə yetirdi.

İlk versiyaya görə, qətl qısqanclıq zəminində törədilib. Bu hadisə, əgər qətlə yetirilən şəxs nəqliyyat naziri Ziya Məmmədovun qardaşı - Nəriman Məmmədovun bacanağı olmasaydı, bəlkə də belə səs-küyə səbəb olmazdı. Özü də qətl zamanı Nəriman Məmmədov Ramiz Vəliyevin yanında olmuşdu.

Proseslərdəki bu dönüş nöqtəsi isə nazirin bədxahlarına qətlə dair ən müxtəlif versiyalar irəli sürmək, indiyədək heç kimin nə təsdiq, nə də təkzib etmədiyi çoxsaylı şayiələr yaymaq fürsəti verdi. Mətbuata sızdırılan ilk versiyaya görə, qətl hadisəsi Vəliyevlərin evində baş vermişdi. Hacıyev həmin evdə qarovulçu işləyirdi. O, sonradan polisə təslim olmuşdu.

Qusar rayonunun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Hacıyev bununla həmin evdə - nəqliyyat nazirinin qohumlarının evində xidmətçi işləyən bacısının namusunu qoruyub. Heç nədən intriqa yaratmağı bacaranlar nazirə daha bir zərbə vurmaq üçün bunca əlverişli vəziyyətdən sui-istifadə etməyə bilməzdilər.

Versiyalar çox, faktlar az...

Digər versiyaya görə, Eynulla Hacıyev əslində nazirin qardaşı - villanın sahibi Nəriman Məmmədovu qətlə yetirməyə hazırlaşırmış, amma səhvən onun bacanağına atəş açıb.

Amma həm bu, həm də digər versiya bir məqamda üst-üstə düşürdü: bu qətl qısqanclıq zəminində törədilib. Guya ki, E.Hacıyevin qohumu bu villada xadimə işləyib və o da qadının nazirin qardaşı ilə intim münasibətlərdə olmasından şübhələnib.

Və bu versiya Bakıda daha geniş yayılmağa başlamışdı. İllah da ona görə ki, Nəriman Məmmədov bu hadisədən sonra güclü şok keçirmiş, hətta nitq qabiliyyətini də itirmişdi.

Qətlin qısqanclıq zəminində törədilməsi versiyası əsas versiyaya çevrilsə də Qusar Rayon İcra Hakimiyyətinin Urva kənd üzrə nümayəndəsi Süləddin İsgəndərov bununla razı deyildi. Onun sözlərinə görə, E.Hacıyev tez-tez içib sərxoş olur və ailə üzvləri ilə daim dava-dalaş salıb münaqişə yaradırdı. S.İsgəndərov qətlin qısqanclıq zəminində törədilməsi versiyasına da inanmırdı.

Yerli sakinlər hələ o zaman virtualaz.org saytına açıqlamalarında demişdilər ki, bundan əvvəl bu villada Eynulla Hacıyevin qardaşı Şəkixanla sonuncunun arvadı Maral qarovulçu işləyiblər. Lakin 2014-cü ilin fevralında hər ikisi villanın həyətindəki yardımçı tikilidə qaz sızmasından ölüb. Bundan sonra Eynulla Hacıyev özü villada qarovulçu işləməyə başlayıb.

Təəssüf ki, Qusar rayon prokurorunun köməkçisi Anar Salehov da bu işə aydınlıq gətirməmişdi.

O, yalnız bunu qeyd etmişdi ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb və istintaq aparılır.

A.Salehovun sözlərinə görə, Eynulla Hacıyev cinayəti törətdikdən sonra qaçmağa çalışıb, amma tez bir zamanda hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb.

Anar Salehov istintaqın getdiyini əsas gətirərək işin detallarını açıqlamaqdan da imtina etmişdi. Bundan sonra mətbuatın bu qətl hadisəsinə marağı sanki hansısa sehrli çubuğun işarəsi ilə yoxa çıxdı. O vaxtdan bəri bu işlə bağlı heç bir rəsmi məlumat verilməyib.

Gəldiyimiz nəticə

O vaxtdan yarım il keçir. Zaman hər şeyi yerbəyer edir. İlham Əliyevin islahatlarını, onun kadr dəyişikliklərinin nəticəsini indi hər addımda hiss edirik. Qısa bir zaman ərzində öz vəzifələri ilə vidalaşıb Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində ifadə verən yüksək vəzifəli şəxslərin sayı heç də az deyil.

Ziya Məmmədov isə öz işini davam etdirir. Yeri gəlmişkən, nazirə uğursuz “atəşdən” sonra, xüsusilə də MTN-in sabiq rəhbərinin istefasından sonra onun adı artıq KİV-də də hallanmır. Diqqət edin, Ziya Məmmədovun adı KİV səhifələrindən sözün hərfi mənasında itib.

Prezident İlham Əliyevin yaxşı nazirlə pis naziri ayırd etməməsini hətta təsəvvür etmək belə çətindir. Prezident təkcə son bir ayda iki naziri, bir neçə nazir müavinini və idarə rəislərini, xüsusi xidmət generallarını işdən azad edib. Hamının tezliklə sonunun gəldiyini düşündüyü Z.Məmmədov isə öz vəzifəsindədir. Deməli, o, ağı qaradan seçməyi bacaran prezidentin etimadına əvvəlki kimi layiqdir.

Bütün bunlar həqiqətən də bir qədər qəribə görünür. Görünür, onun ətrafında baş verən hər şey adi toz imiş, hansısa qüvvələr onun haqqında rüşvətxor və milyardları talan edən bir məmur imici yaratmaq istəyirmiş. Amma dövlət başçısı rüşvətxorun, talançının, hətta çiynində xüsusi xidmət orqanlarının poqonlarını gəzdirən quldurların kim olduğunu bizə dəqiq göstərdi.

Nazir Məmmədov onların sırasında deyil. Və deyəsən, olmayacaq da. Belə ki, bir daha xatırlatmaq istərdik ki, milyardları başqa yerdə və başqa adamlar talan edirdi. Bu, həm Beynəlxalq Bank, həm onun rəhbərliyinin ətrafına yığışmış onlarla kredit oliqarxı, həm milli təhlükəsizlik generallarının poqonları olan bədheybətlər, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərləridir...

Onların öz bunker-kabinetlərində gizlənərək öz günahlarını onlardan fərqli olaraq həmişə göz qabağında olan Ziya Məmmədovla bölüşməyə cəhd etdikləri istisna olunmur. Bunun üçün onlar məntiqi düşünməyi bacaran insanlara əvvəlcədən uydurma kimi görünən, hətta “qulağı çəkilən qardaşı” ilə bağlı hadisəni də xatırlamaq imkanını əldən vermədən hər xırda bir şeyi istifadə edirdilər.

Bir sözlə, onlar Məmmədovdan bir növ ildırımötürən kimi istifadə etmək istəyirdilər. Amma alınmadı. Prezident İlham Əliyev cəmiyyətə kimin kim olduğunu göstərdi. Burada isə əlavə şərhə ehtiyac yoxdur.

virtualaz.org

Son xəbərlər

Orphus sistemi