Mənimsəmədə təqsirləndirilən sabiq bank əməkdaşı: "Mən müştəriləri şəxsən qəbul etmirdim"

Mənimsəmədə təqsirləndirilən sabiq bank əməkdaşı: "Mən müştəriləri şəxsən qəbul etmirdim" Məhkəmənin növbəti prosesi oktyabrın 18-nə təyin edilib
Hadisə
11 Oktyabr , 2017 16:04
Mənimsəmədə təqsirləndirilən sabiq bank əməkdaşı: Mən müştəriləri şəxsən qəbul etmirdim

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Qoca Abbasov ifadə verib.

O deyib ki, Bakıda adına olan bağ torpağı sahəsini banka girov qoymaqla kredit götürülüb: "Bundan başqa, krediti iş adamı Fuad Musayev götürüb və şirkətləri vasitəsilə biznesə sərf olunub. 2008-ci ildə kredit götürüldükdən 6 ay sonra bankdan zəng gəldi, kreditin ödənilməsində gecikmə olduğunu dedilər. Bununla bağlı Fuadla əlaqə saxladım. Sonradan Fuad mənə dedi ki, ödəniş olub, bağ torpağını girovluqdan götürmək barədə bankdan arayış al. Mən də banka gedərək kreditini ödənilməsi ilə bağlı arayış aldım. Bir qədər sonra bankdan kreditin ödənilməməsi barədə mənə yenə də zəng gəldi. Mən də Fuad Musayev, Rəfael Ağayev və digərlərinin əməlləri barədə Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsinə şikayət etdim”.

Q.Abbasov söyləyib ki, krediti götürən zaman bankda sənədlərə özü imza atıb. O, kredit götürən zaman İ.Qasımovun qəbulunda olduğunu bildirib: "Sənədləşmə işi hazır olandan sonra pulları götürdük. Hazırda adıma olan bütün kredit borcları tamamilə ödənilib”.

Təqsirləndirilən İ.Qasımov deyib ki, şahid doğru danışmır: “Mən kredit verən deyiləm. Bankda, sadəcə, filial müdiri olmuşam. Müştəriləri şəxsən qəbul etmirdim. Sənədləri kredit verən məsul şəxs sənədləşdirirdi. Həmin sənədlər qaydasında olandan sonra onları imzalayırdım. Bundan sonra kreditin götürülməsi mümkün olurdu. İşdə adları hallanan Fuad Musayev, Rəfail Əliyev və digər şəxslər Gəncə şəhəri və rayonlarda valyuta mübadiləsi biznesi ilə məşğul olublar".

Daha sonra dövlət ittihamçısı vəsatət verib. O, işdə adı keçən Fuad Musayev və Rəfael Əliyevin şahid qismində dindirilməsini istəyib.

Hakim isə hər iki şəxsin məhkum olunduğunu və 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiklərini deyib: "Bunun üçün onlar “etap” olunmalıdırlar".

Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, İ.Qasımov əvvəllər "Kapital Bank"da, daha sonra VTB Bankda işləyib. O, işdən çıxdıqdan sonra Rusiyaya gedib və beş il orada yaşayıb. Onun barəsində beynəlxalq səviyyədə axtarış elan edilib və tutularaq Azərbaycana gətirilib.

İ.Qasımov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) və digər maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi