Mənimsəmədə təqsirləndirilən QHT sədrinin məhkəməsi başlayıb

Mənimsəmədə təqsirləndirilən QHT sədrinin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası sentyabrın 20-nə təyin edilib
Hadisə
6 Sentyabr , 2016 13:17
Mənimsəmədə təqsirləndirilən QHT sədrinin məhkəməsi başlayıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən QHT sədri Əliyev İlqar Talışxan oğlunun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əliyev İlqar Talışxan oğlu gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib və monitorda metal əşyaların təsvirləri əks olunduğuna görə təkrar yoxlama aparılıb.

Yoxlama zamanı sərnişin Əliyev İlqar Talışxan oğluna məxsus çamadanda olan şəxsi əşyaların arasından əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron, kağız üzərində yazılı və ya şifahi formada bəyan edilməyən, metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd beşguşəli, itibucaqlı ulduz formalı predmet, 1 ədəd kameralı qələm və 1ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb.

İ.Əliyev izahatında "Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən bıçaqlardan 5-i soyuq silah hesab olunur, 1 ədəd eynək və 1 ədəd qələm isə mövcud ola biləcək məlumatları izləmək, dinləmək, köçürmək, pozmaq, əlavə etmək kimi funksiyalara malikdir və onlar gizli yolla informasiya əldə etmək üçün nəzərdə tutulmuş əşyalardır.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə), 192-ci (qanunsuz sahibkarlıq), 228.4-cü (qanunsuz silah saxlama) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi