Abbas Bağırova qarşı dələduzluq edən şəxsin məhkəməsində mübahisə düşüb

Abbas Bağırova qarşı dələduzluq edən şəxsin məhkəməsində mübahisə düşüb Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
13 Mart , 2019 12:22
Abbas Bağırova qarşı dələduzluq edən şəxsin məhkəməsində mübahisə düşüb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Azər İsgəndərov ifadə verib.

O bildirib ki, O.Mehrəliyev zərərçəkmiş Xətai Yusubovdan 11 min manat alarkən orada olub.

Daha sonra şahid qismində Vəfa Nadirova dindirilib. O qeyd edib ki, təqsirləndirilən şəxsi bacısı Maman Nadirovanın evində görüb: "Bacım bir dəfə məndən 1500 manat pul istəmişdi. Bildirdi ki, pulu Orxana verəcək. Orxan da onu müdafiə etməsi üçün vəkilə verəcək".

Məhkəmə şahiddən ifadə verməkdən əvvəl kimdənsə təzyiq görüb-görmədiyini soruşub.

V.Nadirova isə deyib ki, məhkəmə iclasından əvvəl zərərçəkmiş X.Yusibov onun xeyrinə ifadə verməsini istəyib.

Bu zaman tərəflər arasında mübahisə yaranıb.

Zərərçəkmiş X.Yusibov söyləyib ki, V.Nadirova ona mesaj yazıb: "Mesajda qeyd edib ki, mən ona 1000 manat pul versəm, xeyrinə ifadə verəcək. Buyurun, mesaja baxa bilərsiniz".

Daha sonra X.Yusubovla təqsirləndirilən şəxs arasında da mübahisə düşüb, onlar bir-birinə nalayiq ifadələr işlədiblər.

Məhkəmənin növbəti iclası martın 19-na təyin edilib.

İttiham aktına əsasən, O.Mirəliyev köməkçisi olduğu tanınmış müğənni, əməkdar artist Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib.

Həmçinin, o, müğənni A.Bağırova məxsus qarajı Emil Qurbanova satacağını vəd edərək, ondan 10 min manat pul alıb.

Cinayət materialına görə, O.Mirəliyev Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 500 manat pul alaraq, onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib.

O, təkrarən Maman Nadirovadan 2017-ci ildə 3500 manat pul alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib.

O.Mirəliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, O.Mirəliyev müğənni İradə Mehrinin qardaşıdır. 

Son xəbərlər

Orphus sistemi