Ekstremist qrupun üzvləri məhkəmədə dini şüarlar səsləndirib

Ekstremist qrupun üzvləri məhkəmədə dini şüarlar səsləndirib Məhkəmənin növbəti iclası fevarın 8-nə təyin edilib
Hadisə
1 Fevral , 2016 14:28
Ekstremist qrupun üzvləri məhkəmədə dini şüarlar səsləndirib

Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik dini ekstrimist dəstənin üzvləri - Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Çoşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev, Pərviz Şıxalyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Şakir Məmmədov, Rafiq Bəyimov, Ceyhun Abdullayev, İlqar Musayev, Anar Rzayev, Niyaməddin Xəlilov, Fəxri Şirinzadənin cinayət işi üzrə məhkəməsinin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.Xəlilovun vəkili vəsatət verib.

O, müdafiə etdiyi şəxsin ağır xəstəliklərdən əziyyət çəkdiyini və məcburi müayinə edilməsi ilə bağlı qərar çıxarılmasını istəyib. Vəsatət baxılmamış saxlanılıb.

Prokuror ittiham aktını elan etdikdən sonra təqsirləndirilən şəxslərin heç biri özünü təqsirli hesab etməyib.

Həmin şəxlərin bir çoxu məhkəmədə ifadə vermək istəməyiblər. Təqsirləndirilən şəxslər onlara sürülən ittihamları qəbul etmədiklərini deyib: "Biz bu qanunları qəbul etmirik. Bizə çıxarılan ömürlük cəza və ya 20 il müddətinə azadlıqdan məhrumetmə nədir ki?! Allah istəsə biz burdan çıxarıq".

Məhkəmədə təqsirləndirilən şəxslər "Allahu Əkbər" şüarı səsləndiriblər. Hakim proses iştirakçılarını sakitliyə riayət etməyə çağırıb.

Təqsirləndirilənlərdən Anar Rzayev ifadəsində heç bir günahı olmadığını, bu şəxsləri tanımadığını bildirib.

Daha sonra zərərçəkmiş şəxs - mərhum Vahid Vahabovun oğlu Rəşad Vahabov ifadə verib. Həmin şəxs çıxışında cinayətkarların evə girərək atasını öldürdüyünü, anasını da yaraladıqlarını bildirib. O, məhkəmədən təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini istəyib.

Məhkəmənin növbəti iclası fevarın 8-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, 2015-ci il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl- zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər. Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedib, təxminən saat 04:00 radələrində üzlərinə maska taxaraq Vahid Vahabovun yaşadığı mənzilə soxulub, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, “Vincester” markalı tüfəng, “Revolver” tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapaçaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanan dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulan digər əşyalar götürülüb. Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin ötən il martın 18-də və iyulun 18-də Bakı şəhər sakinləri - Gündüz Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə basqın edərək ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət və və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, bu il yanvarın 31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə, 1 ov tüfəngi oğurlamaları müəyyən edilib. Araşdırmalar zamanı dəstə üzvlərinin şəxsiyyətlərini təsdiqləyən rəsmi sənədləri bilərəkdən məhv etmələri də məlum olub. Mütəşəkkil dəstənin 17 üzvü həbs edilib.

Son xəbərlər

Orphus sistemi