Məhkəmə Zaqatalada ev tikmək adı ilə dələduzluq edən şəxsə bəraət verib

Məhkəmə Zaqatalada ev tikmək adı ilə dələduzluq edən şəxsə bəraət verib Birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv olunub
Hadisə
10 İyun , 2017 17:11
Məhkəmə Zaqatalada ev tikmək adı ilə dələduzluq edən şəxsə bəraət verib
Courtesy İmage

Bakı. 10 iyun. REPORT.AZ/ Şəki Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Ağdam rayon sakini, 1958-ci il təvəllüdlü Maarif Kazımovun barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Elçin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən M.Kazımovun apellyаsiyа şikаyəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv olunub. Məhkəmə onun əməlində cinayət tərkibi olmadığından bəraət verib.

İttiham aktına əsasən, M.Kazımov özgənin əmlakını ələ keçirmək məqsədilə 24 may 2013-cü il tarixdə Murad Muradova özünü fərdi evlərin tikintisi və təmiri ilə məşğul olan şəxs kimi təqdim edib. O, həmin şəxsin evini təmir etdirəcəyi adı ilə ondan yaşadığı Zaqatala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 51 ünvanında 3 000 manat alıb. M.Kazımov həmin ünvanda yerləşən evdə bir sıra təmir işləri aparıb, M.Muradovu vədinə inandırmaqla sonradan onu aldadaraq həmin puldan 1 000 manatı ələ keçirib.

Bundan başqa, M.Kazımov Gülzadə Mirzəyevanın evini təmir etdirmək adı ilə aldadıb. O, həmin il mayın 26-da G.Mirzəyevadan yaşadığı Zaqatala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 29 ünvanında 7 200 manatını alıb, həmin puldan 3 700 manatı ələ keçirərək dələduzluq edib.

M.Kazımov həmin gün Zeynəb Qardaşovaya qarşı da eyni üsulla dələduzluq edib. O, həmin qadının yeni ev tikəcəyi adı ilə aldadaraq 1 400 manatını alıb.

M.Kazımov Cinayət Məcəlləsinin (CM) 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilib.

O, Zaqatala Rayon Məhkəməsinin 13 may 2015-ci il tarixli hökmü ilə 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, eləcə də təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər apellyasiya şikayəti veriblər.

Şəki Apellyasiya Məhkəməsi şikayətləri təmin etməyib. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin çıxardığı hökmü ləğv edib və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, M.Kazımov Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2011-ci il tarixli hökmü ilə CM-nin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsi ilə təqsirli bilinib və qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. 

Son xəbərlər

Orphus sistemi