Yuxarı

​Məhkəmə zalından azadlığa buraxıldıqdan sonra həbs olunan şəxsin cəzası azaldılıb

Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib

Bakı. 28 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə, qanunsuz olaraq odlu silah gəzdirməkdə, cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətməkdə təqsirləndirilən Yusif Kamil oğlu Məhərrəmovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Y.Məhərrəmovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, Y.Məhərrəmovun 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilib.

Qeyd edək ki, 2013-cü ilin avqust ayının 30-da 1995-ci il təvəllüdlü Knyaz Knyazlı Bakı şəhər sakini Ceyhun Məqsədovu bıçaqlayıb. Hadisə “Xətai” metrostansiyası yaxınlığında baş verib. Yetkinlik yaşına çatmayan C.Maqsudov xəstəxanaya yerləşdirisə də, hadisədən üç gün sonra ölüb. Y.Məhərrəmov da hadisənin iştirakçısı olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən və axtarışda olan K.Knyazlı və Y.Məhərrəmov saxlanılıb.

2014-cü ilin oktyabr ayının 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə son sözlə çıxış edən Y.Məhərrəmov bildirib ki, K.Knyazlı günahsız yerə qəsdən adam öldürmə maddəsi ilə mühakimə edilir. O, cinayəti özünün törətdiyini deyib.

Məhkəmənin hökmü ilə K.Knyazlı 10 il, Y.Məhərrəmov isə 1 il müddətinə azadlıqdan məhrum edilib. Y.Məhərrəmovun həbsdə yatdığı günlə təyin olunan cəza hesablanaraq, o, məhkəmə zalından azadlığa buraxılıb.

Azadlığa buraxılan Y.Məhərrəmov məhkəmədən çıxan kimi yenidən həbs edilib. Ona Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) və 307.3-cü (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə cinayət işi açılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Məhərrəmov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi Anar Qasımlı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi