​Məhkəmə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq sədr müavininin iddiasını qeyri-mümkün hesab edib

​Məhkəmə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq sədr müavininin iddiasını qeyri-mümkün hesab edib Birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub
Hadisə
5 Fevral , 2016 10:12
​Məhkəmə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq sədr müavininin iddiasını qeyri-mümkün hesab edib

Bakı. 5 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xətai rayon Şöbəsinin “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətova qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Elmira Nağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub, Mübariz Mədətovun iddiası qeyri-mümkün hesab edilib.

Qeyd edək ki, ötən il Mübariz Mədətov DSMF-nin şöbəsini məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edən QSC-nin keçmiş sədr müavini əmək pensiyasının təyin edilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan DSMF-nin şöbəsi apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, Mübariz Mədətovun oğlu Xalid Mədətov 2014-cü ilin mart ayının 15-də gecə saat 00:30 radələrində Suraxanı rayonu Zığ şosesində yol-nəqliyyat hadisəsi törədib. Hadisə nəticəsində məşhur tarzən, xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşı Briliant Abdullayeva və onun nəvəsi Ağasəlim Abdullayev dünyasını dəyişib.

Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin (CM) 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi CM-nin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla, 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası azadlıqdan məhrum edilmə cəzası çəkiləndən sonra tətbiq olunacaq.

Hadisədən sonra isə Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz Mədətov “Xəzər Dəniz Gəmiçiliyi” QSC-də tutduğu vəzifədən azad edilib.

Son xəbərlər

Orphus sistemi