Yuxarı

Məhkəmə ​Xədicə İsmayılın ərizəsini təmin edib

Məhkəmənin baxış iclası avqustun 15-nə təyin olunub

Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın Azərbaycandan çıxmasına qadağa qoyan məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə X.İsmayılın anket məlumatları dəqiqləşdirilib.

Daha sonra X.İsmayıl dövlət hesabına təyin edilən vəkil Mehran Kərimovdan imtina etməsi ilə bağlı ərizə verib. Məhkəmə ərizəni təmin edib.

Məhkəmənin baxış iclası avqustun 15-nə təyin edilib.

Xatırladaq ki, X.İsmayıl sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib.

Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Mayın 25-də Ali Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib və o, azadlığa buraxılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi