Bakı. 11 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində əmlakı qəsdən məhv etmədə və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilən Türkiyə vətəndaşı Sümer Yaşar Yücelin cəzasının çəkilməmiş qalan hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməsi barədə qərardan dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə başa çatıb.
“Report”un məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, dövlət ittihamçısının apellyasiya protesti təmin edilib, bununla da birinci instansiya məhkəməsinin 18 aprel 2016-cı il tarixli qərarı ləğv olunub. Sümer Yaşar Yücelin şikayəti isə təmin olunmayıb.
Qeyd edək ki, Qərb Universitetinin 2-ci kurs tələbəsi, milliyyətcə azərbaycanlı olan Almaniya vətəndaşı, bir vaxtlar “Mercedes Benz”in Azərbaycan nümayəndəliyinin rəhbəri olan Adolf Şilderin oğlu Vüsal Şilderin qətl hadisəsi 2013-cü ilin may ayının 2-də Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında baş verib. Yaralı aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Hadisədən iki gün sonra İsgəndərov Elman Seyidağa oğlu şübhəli şəxs qismində tutulub. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Talıbov Seymur Teymur oğlu hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib. Sözügüdən cinayətin iştirakçısı Xəyal Əlizadə isə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub. İnterpolun Azərbaycan Respublikasının Milli Mərkəzi Bürosu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə o, Birləşmiş Ərəb Əmirliklərində tutulub.
E.İsgəndərov ilkin istintaq zamanı verdiyi ifadəsində V.Şilderi özünü öldürdüyünü bildirib. O, bu sifarişi pul qarşılığında qohumu S.Talıbov və X.Əlizadə tərəfindən aldığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsgəndərov 14 il 6 ay, S.Talıbov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı hökmdən apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsində birinci instansiya məhkəməsinin hökmü ləğv edilərək, yeni hökm çıxarılıb. Belə ki, məhkəmə Cinayət Məcəlləsinin (CM) 120.2.5-ci (qəsdən adam öldürmə, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə ittiham olunan E.İsgəndərovun işinə CM-in 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsini də əlavə edib. CM-in 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddəsi isə ittihamdan çıxarılıb. Onun barəsində çıxarılan hökm (14 il 6 ay) dəyişdirilməyib.
S.Talıbov barəsində isə yeni qərar qəbul edilib. CM-in 307.1-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsi ilə ittiham olunan S.Talıbovun cəzası başa çatıb. Qərara əsasən o, yenidən məsuliyyətə cəlb olunub. Belə ki, məhkəmə onun barəsində axtarış və həbs qərarı qəbul edib.
Bundan başqa, keçmiş polis mayoru İlham Məmmədov, Qurban Novruzov, Türkiyə vətəndaşı Y.Sümer və Binəqədi Rayon Polis İdarəsi 7-ci Bolis Bölməsinin keçmiş rəis müavini Kənan Babayev qabaqcadan əlbir olaraq 2013-cü il aprel ayının 11-də V.Şilder tərəfindən idarə olunan avtomaşını qəsdən zədələməklə ona xeyli miqdarda ziyan vurmaqda, vəzifə səlahiyyətlərini aşaraq və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ağır cinayət törətməkdə təqsirli bilinərək saxlanılıblar. Aparılan araşdırmalar zamanı məlum olub ki, V.Şilder qətlə yetirilməzdən öncə həmin şəxslər onun maşınına narkotik vasitə atıblar.
Təqsirləndirilən şəxslər CM-in 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunublar.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə İ.Məmmədov 6 il 6 ay, Q.Novruzov 6 il 6 ay, Y.Sümer 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. K.Babayevə isə 4 il şərti cəza təyin edilib.
Xatırladaq ki, Y.Sümer cəzasının çəkilməmiş qalan hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizə ilə Xəzər Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Türkiyə vətəndaşının ərizəsini təmin edib. Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya prostesti verib.
2013-cü ilin dekabr ayının 26-da Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, Bakı İstintaq Təcridxanasında Y.Sümerlə azərbaycanlı qadın, Xaçmaz rayon sakini Osmanova Dilşad Osman qızının nikahı bağlanılıb.