Yuxarı

Məhkəmə tikinti şirkətinə qarşı 5 milyon manatlıq iddia ilə bağlı qərarı elan edib

Məhkəmə tikinti şirkətinə qarşı 5 milyon manatlıq iddia ilə bağlı qərarı elan edib

Hakim Səriyyə Seyidovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində "İdeal-İ İnşaat" MMC-nin "The Baku Group Ltd" MMC-yə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, hakim Səriyyə Seyidovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, "İdeal-İ İnşaat" MMC-nin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, "The Baku Group Ltd" MMC "İdeal-İ İnşaat" MMC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "The Baku Group Ltd" MMC podrat müqaviləsinin ləğv edilməsi, sənədlərin əslinin və binaların idarəçiliyinin təhvil verilməsi barədə tələb irəli sürüb.

Həmçinin şirkət iddiasında ümumi tikilən və satışa yararlı olan sahənin "The Baku Group Ltd" MMC-nin payına düşən 25% hissəsinin proporsional qaydada verilməsi, əgər həmin sahələr satılmışdırsa satışdan əldə olunan pul məbləğinin və 5 milyon manat pul vəsaitinin, 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını məhkəmədən istəyib.

"İdeal-İ İnşaat" MMC isə qarşılıqlı iddia tələbi irəli sürüb. Belə ki, şirkət inşa edilmiş çoxmərtəbəli yaşayış binaları üzərində "The Baku Group Ltd" MMC-nin sahiblik, istifadə hüquqlarının olmaması, ərazidə tikinti işlərinin aparılmasına müdaxilə etmələrinin qadağan olunmasını tələb edib.

Məhkəmənin çıxardığı qətnaməyə əsasən, ilkin iddia qismən təmin edilib, "İdeal-İ İnşaat" MMC-nin qarşılıqlı iddiası isə təmin edilməyib.

Məhkəmə qərarından narazı qalan "İdeal-İ İnşaat" MMC apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi