Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Məsim Şahverdi oğlu Mikayılov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Bu barədə "Report"a vəkil Adəm Məmmədov məlumat verib.
Vəkilin sözlərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsə bəraət hökmü çıxarılıb.
Qeyd edək ki, hadisə ötən il Balaxanı qəsəbəsində baş verib. M.Mikayılov sevdiyi Aysel Məmmədovanı qaçırıb. Toya az müddət qalmış A.Məmmədova gələcək əri tərəfindən döyüldüyünü bildirərək polisə müraciət edib.
Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham olunan M.Mikayılov barəsində Sabunçu Rayon Məhkəməsində bir ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmə onu 300 manat cərimə edərək azadlığa buraxıb. Qərardan narazı qalan M.Mikayılovun müdafiəçisi A.Məmmədov və zərərçəkmiş şəxs Aysel Məmmədova apellyasiya şikayətləri veriblər.