​Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib

​Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
26 May , 2016 09:43
​Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib

Bakı. 26 may. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qanunsuz olaraq odlu silah saxlamaqda təqsirləndirilən Mirzə Qiyas oğlu Mirzəyev barəsində olan hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, M.Mirzəyev Sumqayıt şəhəri, 18-ci mkr, bina 29, mənzil 42 ünvanında istintaqa məlum olmayan mənbədən 1 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə kalibrli, İJ-K modelli, texniki cəhətdən saz, atəş üçün yararlı, lüləsi və qundağının əldəqayırma üsulu ilə kəsilmiş və bir neçə odlu silah saxlamaqda təqsirli bilinib. Ötən il noyabr ayının 19-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin odlu silahlar M.Mirzəyevin mənzilindən bir ədəd sellofan torbada aşkar edilərək götürülüb.

O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.

Bu il fevral ayının 19-da Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə M.Mirzəyev 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı İlqar Əsədov apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edən prokuror M.Mirzəyevin təqsirli bilindiyi maddənin sanksiyası həddində daha ağır cəza təyin edilməklə hökmün dəyişdirilməsini xahiş edib.

Son xəbərlər

Orphus sistemi