Məhkəmə polkovnikin 1 milyonluq ziyan vurduğu zərərçəkmişlərlə bağlı Baş Prokurorluğa təqdimat göndərəcək

Məhkəmə polkovnikin 1 milyonluq ziyan vurduğu zərərçəkmişlərlə bağlı Baş Prokurorluğa təqdimat göndərəcək Məhkəmənin növbəti iclası avqustun 1-nə təyin edilib
Hadisə
25 İyul , 2018 17:46
Məhkəmə polkovnikin 1 milyonluq ziyan vurduğu zərərçəkmişlərlə bağlı Baş Prokurorluğa təqdimat göndərəcək
0 : 00
0 : 00

Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid İlkin Məmmədov ifadə verib.

Məhkəmədə məlum olub ki, İ.Məmmədovun mobil nömrələrindən biri cinayət işində qeyd edilib.

Belə ki, S.Şükürovla əlbir olaraq Xanımbacı İsmayılovaya qarşı dələduzluq etməkdə təqsirləndirilən Natiq Məmmədovun sürücüsü olan Ramiz adlı şəxs İ.Məmmədovun adına olan nömrədən istifadə edib. Ramiz adlı şəxs 2016-cl ildə həmin nömrədən zəng edərək X.İsmayılovadan bir neçə dəfə külli miqdarda pul istəyib.

Lakin İ.Məmmədov məhkəmədə söyləyib ki, həmin nömrəni hadisədən 4-5 əy əvvəl alıb.

Daha sonra məlum olub ki, zərərçəkmişlərdən yalnız İlqar Əliyev məhkəmədə iştirak edir.

Hakim deyib ki, hər iki zərərçəkmiş - X.İsmayılova və İ.Əliyev rüşvət verdiyi üçün cinayət məsuliyyətinə cəlb edilməlidir.

Belə ki, İ.Əliyev dövlət orqanına işə düzəlmək, X.İsmayılova isə həbsdə olan qızını və nəvəsini azadlığa çıxarmaq üçün təqsirləndirilən S.Şükürova rüşvət verib.

Hakim hər iki şəxsin əməli ilə bağlı Baş Prokurorluğa təqdimat göndəriləcəyini bildirib.

Məhkəmənin növbəti iclası avqustun 1-nə təyin edilib.

Qeyd edək ki, S.Şükürov ümumilikdə 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirli bilinir.

İttiham aktına əsasən, o, İlqar Əliyevi işə düzəltmək adı ilə Xanımbacı İsmayılovanın isə qızının cinayət işinə xitam verdirəcəyi vədi verərək, onların pulunu dələduzluq yolu ilə ələ keçirib.

S.Şükürov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir.

Məhkəmənin hazırlıq iclasında S.Şükürovun anket məlumatları dəqiqləşdirilən zamanı məlum olub ki, o, 1958-ci ildə Səbirabad rayonunda anadan olub, hazırda Bakı şəhərində qeydiyyatdadır.

Bildirilib ki, S.Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir. O, daha əvvəl də dələduzluqda təqsirli bilinib, bir neçə illik azadlıqdan məhrum edilib.

Xatırladaq ki, zərərçəkmiş Xanımbacı İsmayılovanın qızı Həcər Quliyeva və onun oğlu Sahib Quliyev 2016-cı ildə həbs edilib. Onlar "Bizim market" mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında tutulub. Həmin şəxslər qohumları R.Salmanovun 4 milyondan artıq pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev 11 il, anası H.Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi