Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Səringül Ramazanovanın apellyasiya şikayəti verməsi üçün müddətin bərpa edilməsi ilə bağlı müraciətinə baxılıb.
"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmə S.Ramazanovanın şikayət vermə müddətini bərpa etməyib.
Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 2015-ci ilin oktyabr ayının 10-da Novxanı qəsəbəsi ərazisində Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü S.Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirdiyinə görə tutulub. A.Məmmədov aldığı xəsarətlər nəticəsində, oktyabrın 12-də xəstəxanada dünyasını dəyişib.
Hadisədən sonra 20 yaşlı qız dünyasını dəyişən 31 yaşlı A.Məmmədovu ona və ailəsinə nalayiq sözlər dediyinə görə bıçaqladığına və əməlinə görə peşman olmadığını bildirib.
Bu il aprel ayının 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Ramazanova 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmin vaxt o, hökmdən şikayət verməyib.
Xatırladaq ki, S.Ramazanova qaydasız döyüş idman növü ilə məşğul olub.