Məhkəmə "kriminal avtoritet"in apellyasiya şikayətini təmin etməyib

Məhkəmə "kriminal avtoritet"in apellyasiya şikayətini təmin etməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
13 Oktyabr , 2017 15:31
Məhkəmə kriminal avtoritetin apellyasiya şikayətini təmin etməyib
Report

Bakı. 13 oktyabr. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirləndirilən Hüseyn Mövlanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, H.Mövlanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, H.Mövlanov özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin iyun ayının sonlarında Xaçmaz rayonu, Çarxı kəndinin inzibati ərazisində yerləşən “Ailəvi Bulaq” restoranına bir neçə dəfə gələrək həmin restoranı icarə əsasında işlədən Ramin Namazova özünü kriminal aləmin nümayəndəsi kimi təqdim edib və ondan aylıq 400 manat pul verməsini tələb edib. 21 iyul 2016-cı il tarixədək olan müddət ərzində tələb olunan pulu ödəmədiyi təqdirdə, o, R.Məmmədovu öldürəcəyini və icarəyə götürüb işlətdiyi restoranı partladacağını bildirərək onu hədələyib.

R.Namazov ölümlə hədələnməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edib. Onun müraciəti əsasında H.Mövlanovun cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılıb. Həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində H.Mövlanov hədə-qorxu ilə tələb etdiyi məbləğdə seriya və nömərələri qabaqcadan protokolda qeyd olunan 400 manat pulu 21 iyul 2016-cı il tarixdə saat 19:10 radələrində “Ailəvi Bulaq” restoranın həyətində R.Namazovdan aldıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun cibindən R.Namazovdan hədə-qorxu ilə tələb etdiyi 400 manat pul əskinası və çəkisi 3,225 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin götürülüb.

Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə əvvəllər məhkum olunmuş H.Mövlanov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi