Yuxarı

Məhkəmə Fuad Qəhrəmanlının şikayəti ilə bağlı qərarını elan edib

Vəsatət üzrə məhkəmə keçirilib

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə verilən vəsatət üzrə məhkəmə iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesin sonunda qərar elan edilib. Qərara əsasən, F.Qəhrəmanlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilməyib.

Xatırladaq ki, yanvarın 22-də keçirilən prosesdə müdafiə tərəfi hakim Şəlalə Həsənovanın məhkəməyə sədrlik etməsinə etiraz edərək vəsatət qaldırıblar. Fuad Qəhrəmanlının barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərarı Şəlalə Həsənova verdiyi üçün müdafiəçilər yenidən həmin hakimin işə baxmasını istəməyiblər. Vəkillər prosesə sədrlik edən hakimin dəyişdirilməsini tələb ediblər. Buna görə də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra İstintaq İdarəsi F.Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1-ci (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi