Bakı. 13 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını qısqanclıq zəminində boğaraq qətlə yetirməkdə təqsirləndirilən Tural Kazımovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un xəbərinə görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, T.Kazımovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, cinayət hadisəsi ötən il iyunun 20-də Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsindəki fərdi yaşayış evində baş verib. 1988-ci il təvəllüdlü T.Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı boğaraq qətlə yetirib. T.Kazımov hadisədən dərhal sonra polisə gələrək təslim olub. O, ilkin ifadəsində həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib. Həmin şəxslərin nikahından 3 azyaşlı övladı qalıb.
T.Kazımov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Kazımov 10 il müddətinə azadlıqdan məhrum edilib.