Mehdi Səlimzadə: "Keçən il bələdiyyələrin qanunsuz torpaq satışı faktı qeydə alınmayıb"

Mehdi Səlimzadə: "Keçən il bələdiyyələrin qanunsuz torpaq satışı faktı qeydə alınmayıb" "Rüşvətlə bağlı yalnız bir fakt qeydə alınıb"
Hadisə
9 Fevral , 2016 14:01
Mehdi Səlimzadə: Keçən il bələdiyyələrin qanunsuz torpaq satışı faktı qeydə alınmayıb

Bakı. 9 fevral. REPORT.AZ/ "Bələdiyyələrlə bağlı vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki illərə nisbətən az olub. Buna səbəb bələdiyyələrin birləşdirilməsi olub". "Report" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2015-ci il üzrə)" məruzəni təqdim edərkən deyib.

O bildirib ki, keçən il vətəndaşlardan daxil olan 2 093 müraciətə baxılıb: "Müraciətlərdən 107-si tərəfimizdən tam, 20-si isə qismən təmin olunub. Daxil olan müraciətlər ciddi şəkildə araşdırılıb. Ümumilikdə 65 araşdırma materialı prokurorluq orqanlarına göndərilib ki, onlardan 3-ü korrupsiya faktlarını özündə əks etdirib. Aparılan araşdırmalar nəticəsində müəyyən maliyyə pozuntuları aşkar olunub. Həmin maliyyə pozuntuları nəticəsində ortaya çıxan maliyyə vəsaitlərinin ödənilməsi də təmin edilib. Bu da əvvəlki illərə nisbətən iki dəfədən çox olub".

Ötən il bələdiyyələrdən daxil olan aktların sayında əvvəlki illərlə müqayisədə 11,6 faiz azalmanın olduğunu xatırladan nazirlik rəsmisi əlavə edib ki, bu müddət ərzində bəzi bələdiyyələrin qərarları qanunun tələblərinə uyğun şəkildə təqdim edilməyib.

"Bələdiyyələrin fəaliyyəti ilə bağlı nazirliyə daxil olan müraciətlər əsasən, vətəndaşların torpaq sahələrinin ayrılması ilə bağlı göndərdikləri sorğular olub. 2 903 müraciətdən 500-ə yaxını torpaq sahələrinin ayrılması, digərləri sənədləşdirilməsi ilə bağlı olub. Araşdırma nəticəsində o da məlum olub ki, vətəndaşların torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı bələdiyyələrin laqeyd münasibəti haqda müraciətləri tam olaraq həqiqəti əks etdirmir. Bəzi bələdiyyələrin vəzifəli şəxlərindən də xeyli sayda müraciət daxil olub. Tərəfimizdən araşdırılıb. Məlum olub ki, həqiqətən də vəzifəli şəxslər tərəfindən nöqsanlara yol verilib. Lakin daxil olan müraciətlərin əksəriyyətinin həqiqətə uyğun olmadığı aşkar olunub", - mərkəz rəisi əlavə edib.

Mehdi Səlimzadə eyni zamanda, 2015-ci ildə qanunsuz torpaq satışı olmadığını qeyd edib: "Bəzi bələdiyyələrdə qanunsuz xərclənmə aşkarlarıb. Bunun da obyektiv və subyektiv səbəbləri olub. Bələdiyyə əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı 4 müraciət daxil olub. Həmin faktlar təsdiqini tapıb və hüquqi qiymət verilməsi üçün aidiyyatı orqanlara təqdim olunub. Keçən il rüşvətlə bağlı yalnız bir fakt qeydə alınıb".

Son xəbərlər

Orphus sistemi